"Ankaradan Tehranın səsi gəlir" - Əkbər Qoşalı

"Ankaradan Tehranın səsi gəlir" - Əkbər Qoşalı
14.10.2026 12:20 Təhlil

Son zamanlar Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri – Ankaradakı Səfirliyimiz və İstanbuldakı Baş Konsulluğumuz qarşısında ölkəmizin dünyəvi təhsil prinsiplərini hədəf alan aksiyaların keçirilməsi ictimaiyyətdə ciddi rezonans doğurub. Qardaş ölkədə səsləndirilən radikal və xilafət yönümlü çağırışlar geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Azərbaycan şair-publisisti, yazıçı, Beynəlxalq “ALAŞ” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı TodayPress TV-yə açıqlama verərək baş verənlərə sərt münasibət bildirib və bunun tarixi köklərinə diqqət çəkib.

O qeyd edib ki, Azərbaycanın dünyəvi dəyərlərini hədəf alanlar həm də Qazi Mustafa Kamal Paşa Atatürkün idealları ilə qarşı-qarşıya gəlirlər:

"Ankarada Azərbaycan Səfirliyi, daha öncə isə İstanbulda Baş Konsulluğumuz qarşısında Azərbaycanın dünyəvi təhsil prinsiplərini hədəf alan aksiyalar keçirənlər, əslində, Qazi Mustafa Kamal Paşa Atatürkün Cümhuriyyətə qazandırdığı dünyəvilik və maarifçilik dəyərləri ilə də qarşı-qarşıya gəlirlər. Görəsən, özləri bunun fərqindədirmi?! Azərbaycanın dünyəvi dövlətçilik seçimini hədəfə almaq, üstəlik, xilafət çağırışları səsləndirmək elə Böyük Atatürkün mədəni inqilablarının mahiyyətini də sorğulamaq deyilmi? Bakıya etiraz edənlər Ankaranın Cümhuriyyət yaddaşını da unutmamalıdır".

Yazıçı Cümhuriyyət tarixinin ildönümünü xatırladaraq, Türkiyənin paytaxtında xilafət çağırışlarının səsləndirilməsinin acı bir ironiya olduğunu vurğulayıb:

"İşə baxın, 103 il öncə, məhz bu ayın 28-də, məhz Ankarada Qazi Mustafa Kamal Paşa tarixi sözünü demişdi: "Efendiler, yarın Cumhuriyeti ilan edeceğiz!" Ruhu şad, bayrağı uca, Cümhuriyyəti bəngü olsun! İndi onun və şanlı dava arkadaşlarının qurduğu Cümhuriyyətin paytaxtında elələri meydana çıxıb, elə danışırlar, sanki Ankara deyil, Tehrandır, Kabuldu və ya xilafət idarəçiliyinin təbliğ olunduğu bir məkandır ora… Atatürkün Ankarasında xilafət çağırışı – tarixin necə də acı ironiyasıdır!..".

Publisist bildirib ki, bu cür ideoloji təxribatlar iki qardaş ölkənin strateji xəttinə və gələcəyinə heç bir təsir göstərə bilməz:

"Bir şeyi unutmamalı: nə Azərbaycan dünyəvi dövlətçilik seçimindən əl çəkəcək, nə də Türkiyə – Azərbaycan qardaşlığının tarixi təməllərini belə ideoloji çıxışlarla sarsıtmaq mümkün olacaq", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər