Moskvanın istəyi və reallıqlar… “Rusiya regionda çəki itirib”

Siyasət

21.11.2025 18:10

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı mövqeyini dəyişməyib və üçtərəfli razılaşmalar hələ də sülh prosesinin əsas yol xəritəsidir. O, “3+3” formatında növbəti görüşün Bakıda və ya İrəvanda keçirilməsini dəstəklədiklərini, həmçinin tərəflərin bu il Əbu-Dabi, Vaşinqton və Düşənbədə apardığı birbaşa təmasların sülhə töhfə verdiyini deyib. 


Maraqlıdır, bu bəyanat fonunda Rusiya regionda yenidən aparıcı rol əldə etməyə çalışırmı və Zaxarovanın bəyanatında Azərbaycan–Vaşinqton münasibətlərində son dövrlər müşahidə olunan yaxınlaşmanın təsiri varmı?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan  politoloq Fikrət Sadıqov bildirib ki, dəyişən reallıqlar fonunda indi əsas istiqamət Vaşinqtonda paraflanan sülh sazişinə yönəlib:


"Üçtərəfli sazişdən – əgər söhbət 10 noyabr 2020-ci il bəyanatından gedirsə – heç kim imtina etmir. Amma bu sənəd artıq keçmişdə qalıb. Beş il vaxt ötüb, vəziyyət dəyişib və regionda tamamilə başqa bir ab-hava formalaşıb. Ermənistanın xarici siyasətində də Azərbaycana qarşı müəyyən korrektələr, yəni düzəlişlər müşahidə olunur. Hazırda biz sülh sazişinin imzalanması ərəfəsindəyik. Artıq Vaşinqtonda bu sənəd paraflanıb və bu istiqamətdə irəliləmək niyyətindəyik – gedirik və gedəcəyik".

Ekspertin sözlərinə görə, 10 noyabr bəyanatı heç vaxt ideal sənəd olmayıb. O, əsasən atəşkəsin təmin edilməsinə xidmət edirdi, lakin vaxt keçdikcə yeni reallıqlar və əlavə həll tələb edən məsələlər ortaya çıxıb.

O, qeyd edib ki, Rusiya bölgədəki təsirinin azaldığını açıq görür:

"Düşünürəm ki, Rusiya Azərbaycan, Ermənistan və ABŞ arasında Vaşinqtonda paraflanan sənəddən ciddi narahatdır. Çünki anlayır ki, regionda sıxışdırıla bilər. Reallıq ondan ibarətdir ki, Rusiyanın rolu əhəmiyyətli dərəcədə azalır".

F. Sadıqov sonda vurğulayıb ki, Rusiya ilə əlaqələrimiz davam etsə də,  onun regional çəkisi əvvəlki kimi deyil:

"Bu isə o demək deyil ki, biz Rusiya ilə münasibətləri kəsmək niyyətindəyik. İkitərəfli əlaqələr qalır və mən əminəm ki, Ermənistan da Rusiya ilə münasibətlərini pozmaq fikrində deyil. Rusiyanın müəyyən rolu qalmaqdadır, lakin aparıcı roldan faktiki olaraq imtina etməli olacaq. Çünki onun bölgədəki iştirakı artıq əvvəlki qədər vacib və həlledici deyil".

Jalə Rövşən

TodayPress TV

tag: Fikrət Sadıqov,Politoloq,Moskva,Reallıq,Todaypress.tv,