Azərbaycan güləş məktəbinin növbəti uğuru: Ruslan Nurullayev dünya üçüncüsü oldu!
ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycan idmançısı növbəti uğura imza atıb.
TodayPress TV xəbər verir ki, yunan-Roma güləşçimiz Ruslan Nurullayev mundialın bürünc medalını qazanıb.
77 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə ukraynalı İrfan Mirzoyevlə üz-üzə gəlib.
R.Nurullayev gərgin keçən qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl eyni çempionatda digər təmsilçimiz Elmir Əliyev (60 kq) gümüş medala sahib çıxmışdı.
Oktyabrın 18-dək davam edəcək dünya çempionatında Azərbaycan ümumilikdə 23 güləşçi ilə təmsil olunur.
Namiq HUN