İstanbul selə təslim oldu: 14 yaşlı uşaq faciəvi şəkildə həyatını itirdi - VİDEO
İstanbulda güclü yağış həyatı iflic edib. Şəhərin bir çox ərazisində küçə və prospektləri su basıb, metro stansiyalarında və yeraltı keçidlərdə daşqınlar qeydə alınıb.
TodayPress TV xəbər verir ki, faciəvi hadisə nəticəsində 14 yaşlı uşaq həyatını itirib.
Güclü leysan Esenler, Zincirlikuyu və Topkapı metro stansiyalarında, eləcə də bəzi yeraltı keçidlərdə su basmasına səbəb olub. Sarıyer və Kağıthane rayonlarında küçələr su altında qalıb, Arnavutköydə isə Alibey dərəsi daşıb. Bəzi avtomobillər suya qərq olub. Şəhərdə tıxacın səviyyəsi 89 faizə yüksəlib.
Ən acı hadisə Fatih rayonunun Balat məhəlləsində baş verib. Su gölməçəsinə basan 14 yaşlı uşağı elektrik cərəyanı vurub. Uşağın həyatını xilas etmək mümkün olmayıb. İstanbul Valiliyi hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Yağışın ən yüksək miqdarı Beykoz rayonunun Ömərli ərazisində qeydə alınıb. Valilik yolların bağlı olmadığını, hava limanlarında uçuş-enmə zolaqlarının açıq qaldığını və reyslərin ləğv edilmədiyini bildirib. Fəsadların aradan qaldırılması üçün aidiyyəti qurumların işi davam edir.
Türkan İsgəndərli