Beynəlxalq nizam dağılır – Şəbnəm Həsənova yazır...
Siyasət
28.11.2025 15:05
Beynəlxalq nizam dağınıq haldadır. Bu gün Ukrayna ilə bağlı baş verən hadisələr bir daha sübut edir ki, dünya siyasətinə çəhrayı eynək vasitəsilə, xüsusilə də son dərəcə siyasətdən uzaq adamların prizmasından baxmaq olmaz. Vizyon yoxluğundan isə heç bəhs etməyək.
Qərb–Rusiya savaşında qalib və məğlub nə zamansa, hətta nisbi olsa da, təəssüflər olsun ki, bu kəskin rəqabətdən çıxış fəlakətsiz ötüşmür. Odur ki, siyasətçi strategiya müəyyənləşdirərkən proseslərə daxil olmanı, başlamanı olduğu qədər, çıxışı da müəyyənləşdirməyi bacarmalıdır. Bunun adı çıxış strategiyasıdır.
Azərbaycan xarici siyasətinə nəzər yetirdiyimiz zaman coğrafi mövqe reallığımız qədər digər reallıqlar bizə üstünlüklərdən daha çox mənfilər təqdim edir. Lakin Azərbaycan Prezidenti İlham Əliyev reallıqları fürsətlərə, imkanlara çevirməyi bacarır.
Bu gün dünyada gedən savaşın adı hərbi savaş deyil. Milli təhlükəsizliyin təmin edilməsi zəruriliyi özünü sadəcə hərbi komponent amili baxımından deyil, ərzaq, tədarük təhlükəsizliyi, iqlim, kibertəhlükəsizlik olmaqla gücün yumşaq elementləri baxımından da göstərir. Prosesləri proqnozlardan uzaqlaşdıran, münasibətləri kəskinləşdirən amil həm də beynəlxalq təşkilatlara olan inamın sarsılmasıdır. Həmin bu təşkilatların qərarları bəlli aktorların əlində təmərküzləşib.
Güc beynəlxalq hüququn norma və prinsiplərindən çoxdan öndə dayanır. Azərbaycan bu reallığı aydın gördüyündən zamanında işlərə start verdi. Güclü olmaq yolunu tutduq. Lakin burada sərt şəkildə güclü olmaqdan daha çox, müxtəlif istiqamətlər üzrə də güc amili öz sözünü deyir. Diplomatik münasibətlərin gücləndirilməsi, qarşılıqlı investisiya mühitinin formalaşdırılması da mühüm məsələlərdir.
Təəssüf olsun ki, belə bir reallıqda risklər getdikcə artır. Dünya siyasəti, çətinliklə olsa da, qayıqda olan azsaylı liderlərin çiyinləri üzərində dayanır. Dəyərlər məhv olur, ailə institutu dağılır, yaradılışın təməl prinsiplərinə fundamental zərbələr vurulur ki, bunda da maraqlı qruplar var. Bu baxımdan müharibənin start düyməsinə basılmasına ehtiyac yoxdur, biz o ilkin mərhələni çoxdan adlamışıq.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova...
tag: Şəbnəm Həsənova,Politoloq,Beynəlxalq nizam,Dağılma,Todaypress.tv,
