Türkiyə ərəbləşməyə doğrumu gedir? - 100 illik fasilə

Türkiyə ərəbləşməyə doğrumu gedir? - 100 illik fasilə
15.10.2026 10:15 Təhlil

Türkiyədən gələn son addımlara, daxili siyasətində və xarici kursunda baş verən kəskin dönüşlərə nəzər salanda ortaya bir sual çıxır:  Türkiyə həqiqətənmi “ərəbləşmə” prosesinə daxil olub? 

Məsələyə səthi baxanlar üçün bu dəyişikliklər son illərin miqrasiya axınlarının və ya cari siyasi konyunkturanın nəticəsi kimi görünə bilər. Lakin işin kökləri daha dərinə gedir. Bu meyil minillik mədəni mühitə və xüsusilə 1517-ci ildə Yavuz Sultan Səlimin Məmlüklər üzərinə yürüşü nəticəsində xilafətin Osmanlıya keçməsi ilə başlayan tarixi xəttə bağlanır. Həmin tarixdən etibarən Anadolu Yaxın Şərqin, İslam dünyasının və ərəb coğrafiyasının ideoloji mərkəzlərindən birinə çevrildi.


1920-ci illərdə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan Cümhuriyyət layihəsi  təxminən 400 illik institusional və ideoloji xəttə müvəqqəti, yüzillik fasilə verdi. Bu gün baş verənlər isə həmin fasilənin başa çatması və prosesin öz təbii məcrasına qayıtması kimi qiymətləndirilir.


Sekulyar Cümhuriyyət modeli təxminən 100 il ərzində iki hərbi çevrilişə (1960, 1980) və üç hərbi muhtıraya (1971, 1997, 2007) baxmayaraq, cəmiyyətin böyük hissəsinin dəyərləri ilə uzlaşan, daxili konsensusa söykənən dayanıqlı sistem formalaşdıra bilmədi. İdarəetmənin hərbi və elitist müdaxilələrlə qorunması daxili siyasi mexanizmləri zəiflətdi. Onilliklər ərzində dayanıqlı institusional model yaradıla bilmədi və cəmiyyətin alt qatlarında qorunub saxlanılan tarixi-dini kimliyin gec-tez rəsmi müstəviyə qayıtması üçün zəmin yarandı.

Sözügedən dönüşün arxasında duran real mənzərəni rəsmi statistik, demoqrafik və iqtisadi göstəricilər də aydın şəkildə təsdiqləyir. Türkiyə Miqrasiya İdarəsinin və rəsmi qurumların məlumatlarına görə, ölkədə müvəqqəti mühafizə statusu altında 2.3 milyona yaxın suriyalı yaşayır ki, bu da ümumi əhalinin təxminən 3 faizini təşkil edir. Eyni zamanda, Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi göstəricilərinə əsasən, ölkə üzrə ümumi doğum əmsalı (fertillik) 1.42 göstəricisinə düşərək tarixi minimuma ensə də, Şanlıurfa, Mardin, Hatay və Qaziantep kimi cənub-şərq vilayətlərində bu rəqəm 2.0–2.8 arasında dəyişir. Bu ciddi demoqrafik disbalans cənub sərhədlərində mühafizəkar və ərəbdilli əhalinin payını sürətlə artırır.

İqtisadi və mülkiyyət müstəvisində də bənzər bir mənzərə hakimdir. Türkiyənin Ərəb Liqası ölkələrinə ixracatı 40 milyard dollar həddini keçərək ümumi ixracatın təxminən 18.4 faizini təşkil edir. TÜİK-in xarici vətəndaşlara mənzil satışı statistikasında isə İstanbul, Yalova, Bursa və Trabzon kimi şəhərlərdə mülk alanlar arasında Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər və İraq vətəndaşları ilk sıralarda yer alır. Bu göstəricilər Anadolunun Körfəz kapitalı və ərəb coğrafiyası ilə necə dərin iqtisadi inteqrasiyaya girdiyini göstərir.


Anadolu coğrafi, mədəni və demoqrafik baxımdan Avropadan daha çox Şərqə və Yaxın Şərqə inteqrasiya olunmuş məkandır. Bu coğrafiyada genişmiqyaslı “Qərbləşmə” layihəsi başlanğıcdan etibarən cəmiyyətin müəyyən təbəqələri ilə ziddiyyət təşkil edirdi. Sosioloji göstəricilər də təsdiq edir ki, xüsusilə 1980-ci illərdən başlayan sürətli urbanizasiya prosesində kəndlərdən şəhərlərə axışan kütlələr dini-mədəni dəyərlərindən uzaqlaşmaq əvəzinə, həmin dəyərləri şəhər həyatına daşıdılar. 1987–1995-ci illərdə siyasi İslam yönümlü partiyaların səs faizinin yüksəlməsi də modernləşmənin mütləq sekulyarlaşma ilə nəticələnmədiyini göstərdi.

Dünya miqyasında və regionda baş verən dönüş nöqtələri bu prosesi daha da sürətləndirdi. 1975–1980-ci illər Yaxın Şərq və Avrasiya üçün həlledici dövr oldu. Əhalinin əksəriyyətinin inanc və dəyərlərindən uzaq düşmüş sekulyar-avtoritar modellər — İranda Pəhləvi monarxiyası, ərəb dünyasında Bəəs rejimləri və Türkiyədəki ənənəvi Atatürkçü idarəetmə modeli — ya parçalandı, ya da dərin böhrana düşdü.

1991-ci ildə SSRİ-nin dağılması isə Soyuq müharibə dövründə formalaşmış geostrateji sərhədləri aradan qaldırdı. Türkiyə üçün Şərq və cənub hinterlandı ilə yenidən təmas qurmaq tarixi zərurətə çevrildi. Son 15 ildə Yaxın Şərqdə baş verən müharibələr, Suriya və İraqdan milyonlarla insanın miqrasiyası, eləcə də regional iqtisadi inteqrasiya Anadolunun demoqrafik və sosial xəritəsini köklü şəkildə dəyişdi.

Türkiyədə dini-mühafizəkar kimliyin ictimai və siyasi həyatda artan çəkisini göstərən son hadisələrdən biri də Azərbaycanda məktəbli geyimi qaydaları ətrafında yaranan mübahisədir. Azərbaycanda məktəblərdə vahid geyim tələblərinin tətbiqi ilə bağlı qərardan sonra sosial şəbəkələrdə “Azərbaycanda hicab qadağası var” iddiası geniş yayıldı. Türkiyədə bəzi siyasi şəxslərin, dini çevrələrin və media nümayəndələrinin bu iddiaya sərt reaksiyası isə məsələni iki ölkə arasındakı münasibətlər müstəvisinə çıxardı. Türkiyə mediasında Azərbaycanın addımları 1997-ci il hadisələri ilə müqayisə olundu, İstanbulda Azərbaycan konsulluğunun qarşısında etiraz aksiyası keçirildi.


Burada diqqət çəkən məqam Türkiyədəki bəzi çevrələrin Azərbaycana münasibətində dini kimliyi siyasi meyar kimi önə çəkməsidir. İki ölkənin yaxın müttəfiq olması hər bir daxili qərarın eyni cür qiymətləndirilməsini tələb etmir. “Bir millət, iki dövlət” prinsipi də tərəflərdən birinin digərinə öz siyasi və ideoloji yanaşmasını qəbul etdirmək hüququ demək deyil.

Bu sərt reaksiyalar Türkiyədə baş verən dini-siyasi dəyişikliklərə “ərəbləşmə” prizmasından baxmaq üçün kifayət qədər əsas verir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər