Prezidentin Türkiyədə yüksək vəzifə verdiyi şəxs kimdir? – DOSYE
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Zamin Məmməd oğlu Əliyev vəzifəsindən geri çağırılaraq İstanbul şəhərinə baş konsul təyin edilib.
TodayPress TV diplomatın tərcümeyi-halını təqdim edir:
Zamin Əliyev 8 oktyabr 1979-cu ildə Ağdam rayonunda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr, 2002-ci ildə isə magistr təhsilini başa vurub. Türk, ingilis və rus dillərini bilir. Evlidir, 3 övladı var.
O, diplomatik fəaliyyətinə 2001-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Birinci qərb ərazi idarəsində referent və attaşe kimi başlayıb. 2005–2008-ci illərdə ölkəmizin Macarıstandakı Səfirliyində attaşe və üçüncü katib, 2008–2011-ci illərdə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsində üçüncü və ikinci katib vəzifələrində çalışıb.
2011–2017-ci illərdə Türk Dövlətləri Təşkilatının layihə direktoru olan Zamin Əliyev, 2017–2020-ci illərdə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib və şöbə müdiri kimi fəaliyyətini davam etdirib.
Daha sonra XİN-in İkinci Avropa idarəsinin rəis müavini (2020–2021), eləcə də Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini (2021–2024) postlarını tutub.
Prezident İlham Əliyevin 18 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycanın Qars şəhərində baş konsulu təyin olunan diplomat, dövlət başçısının yeni Sərəncamı ilə bundan sonra fəaliyyətini Azərbaycanın İstanbul şəhərindəki baş konsulu kimi davam etdirəcək.
Qiymət Mahir