ABŞ ərəb ölkəsinə nüvə silahı verir? – "İbrahim razılaşmaları" şərti tarixə qovuşa bilər

ABŞ ərəb ölkəsinə nüvə silahı verir? –  "İbrahim razılaşmaları" şərti tarixə qovuşa bilər
25.07.2026 11:57 Siyasət

ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlığı genişləndirən yeni saziş imzalanıb. Razılaşma təcrübə, bilik və texnologiya mübadiləsini nəzərdə tutur və sənəddə Səudiyyə Ərəbistanının İsraillə münasibətlərinin normallaşdırılmasına dair hər hansı şərt yer almır.

Bununla belə, ABŞ Prezidenti Donald Tramp saziş imzalandıqdan sonra sosial media hesabında paylaşım edərək bildirib ki, Səudiyyə Ərəbistanı "İbrahim razılaşmaları"na qoşulmayacağı təqdirdə razılaşmanı tam başa çatmış hesab etmir.


TodayPress TV xəbər verir ki, bu sözləri  politoloq Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında yazıb. 

“İsrailin Qəzza və Livanın cənubunda hərbi əməliyyatları fonunda Səudiyyə Ərəbistanın bu ölkə ilə diplomatik münasibət qurmaq planı yoxdur. Bu o halda mümkün olacaq ki, İsrail hökuməti xarici və təhlükəsizlik siyasətində ciddi dəyişikliyə getsin. Ancaq nə qədər ki, Benyamin Netanyahu İsrailin baş naziridir, bu ölkənin siyasətində dəyişən heç nə olmayacaq. Belə olan halda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması problematikdir.

Buna baxmayaraq, Səudiyyə Ərəbistanı uranın zənginləşdirilməsi məsələsində ABŞ ilə imzalanan razılaşmanın həyata keçirilməsini istəyir. Əslində Tramp İsrailin və ABŞ-dəkı yəhudi lobbisinin çağırışları fonunda Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na qoşulması şərtini xatırladıb. Tramp Səudiyyə Ərəbistanının ABŞ-yə ödəyəcəyi milyardlar fonunda şifahi əlavəsini unuda da bilər.

Bəs Səudiyyə Ərəbistanı nədən uranın zənginləşdirilməsinə və beləcə nüvə silahı əldə etməyə çalışır?

Çünki Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez nüvə silahına malik olacaq. Səudiyyə Ərəbistanı həmin günü gözləmədən strateji tərəfdaşı olan ABŞ-dən əməli dəstək gözləyir. Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyə başlayarsa və nüvə silahını əldə etməyə yaxınlaşarsa, Türkiyə də bu prosesdən kənarda qalmayacaq”, - politoloq fikrini yekunlaşdırıb. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər