SƏSSİZ TƏHLÜKƏ: Astmanı necə tanıyaq, risklərdən qorunaq və nəzarətdə saxlayaq?
Dünya Səhiyyə Təşkilatının son tibbi hesabatlarına əsasən, hazırda dünyada 360 milyondan çox insan xroniki tənəffüs sistemi rahatsızlığı olan astmadan əziyyət çəkir. Xüsusilə uşaqlar arasında ən yayğın xroniki xəstəlik sayılan astma, vaxtında diaqnoz qoyulmadıqda və düzgün idarə olunmadıqda illik 440 mindən çox insanın həyatını itirməsinə səbəb olur.
Təbabətdə tam müalicəsi olmasa da, müasir tibbi yanaşmalar və düzgün həyat tərzi ilə astmanı tam nəzarət altında saxlamaq mümkündür.
Astma nədir və orqanizmdə necə baş verir?
Astma — ağciyərlərdəki kiçik tənəffüs yollarının (bronxların) xroniki iltihabı, əzələlərinin gərginləşərək daralması və qatı bəlğəm ifrazının artması ilə müşayiət olunan patoloji vəziyyətdir. Tənəffüs kanalları daraldıqda havanın ağciyərlərə daxil olması və oradan xaric olunması çətinləşir.
Astmanın əsas simptomları hansılardır?
Xırıltılı tənəffüs: Nəfəs verərkən və ya alarkən tənəffüs yollarından gələn fitəbənzər səs.
Davamlı öskürək: Xüsusilə gecələr və ya soyuq hava ilə təmasda artan quru öskürək.
Təngənəfəslik və nəfəs darlığı: Hətta istirahət halında belə dərin nəfəs ala bilməmək hissiyyatı.
Döş qəfəsində sıxılma: Sinə nahiyəsində ağırlıq və ya basqı hissi.
Yaranma riskləri və tətikləyici amillər
Mütəxəssislər astmanın yaranmasında həm genetik, həm də ətraf mühit faktorlarının birgə rol oynadığını bildirirlər. Xəstəliyi tətikləyən və risk yaradan əsas amillər aşağıdakılardır:
•Ailəsində astma, ekzema və ya allergik rinit (saman qızdırması) olan şəxslərdə bu xəstəliyin yaranma riski daha yüksəkdir;
•Məişət tozu gənələri, kif göbələkləri, ev heyvanlarının tükü və mövsümi çiçək tozcuqları (polen) tənəffüs yollarında kəskin reaksiya yarada bilir;
•Kimyəvi buxarların, tozlu iş şəraitinin (peşə astması) və nəqliyyat qazlarının intensiv olduğu mühitdə çalışmaq bronxların həssaslığını artırır;
•Tütün tüstüsünə məruz qalmaq (passiv siqaretçilik də daxil olmaqla) və piylənmə astma tutmalarının tezliyini və ağırlığını artırır;
•Qrip, soyuqdəymə kimi virus infeksiyaları və ani hava temperaturu dəyişiklikləri bronxların daralmasını tətikləyən ana faktorlardandır.
Xəstəliyi nəzarətdə saxlamaq üçün 5 qızıl qayda
Dünya Səhiyyə Təşkilatının təlimatlarına görə, astmalı şəxslərin düzgün müalicə və profilaktika ilə tam aktiv həyat sürməsi mümkündür.
Astma müalicəsində iki əsas inhalyator növbələşir: simptomları sürətli yüngülləşdirən bronxgenəldicilər və iltihabı azaldan profilaktik steroid tərkibli preparatlar.
İnhalyator vasitəsilə daxil edilən dərmanın boğazda qalmayıb birbaşa bronxlara çatması üçün speyser adlı xüsusi plastik kameradan istifadə edilməlidir.
Xəstə kəskin tutmalara nəyin səbəb olduğunu (toz, qoxu, soyuq hava və s.) müəyyən etməli və bu amillərdən uzaq durmalıdır.
Həkimlə birlikdə hazırlanmış fərdi "astma fəaliyyət planı" kəskin tutmalar zamanı hansı addımların atılacağını dəqiq göstərir.
Son olaraq, yaşayış və iş məkanlarında havanı nəmləndirmək, ev tozunu minimuma endirmək və tütün tüstüsündən tamamilə imtina etmək vacibdir.
Aysel Mətləb