Fransa: gilyotinlə sonuncu edam – gənc ərəbin başı səbətə düşdü

Fransa: gilyotinlə sonuncu edam – gənc ərəbin başı səbətə düşdü
10.09.2026 15:36 Araşdırma

“Məhz həmin an hər şeyin bitdiyini anlamağa başlayır”

Fransada gilyotinlə edam edilmiş sonuncu şəxs olan Həmida Candubinin 1977-ci ilin sentyabrındakı son anlarını təsvir edən və Rober Badenter tərəfindən “Le Monde” qəzetinə təqdim olunan tarixi sənəd.

Monik Mabelli — istintaq hakimi

Bu, keçmiş ədliyyə naziri Rober Badenterin “Le Monde” qəzetinə təqdim etdiyi tarixi bir sənəd, yaddaşımızın unudulmuş parçalarından biri, təmkinli, amma sarsıdıcı bir şahidlikdir. Söhbət Fransada həyata keçirilmiş sonuncu ölüm hökmünün qeyri-rəsmi, şəxsi “protokolu”ndan gedir. 9 sentyabr 1977-ci ildə həyat yoldaşı Elizabet Buskeni qətlə yetirməkdə təqsirli bilinən tunisli fəhlə Həmida Candubi Marselin Bomett həbsxanasında gilyotinlə edam edilir. İcrada iştirak etmək üçün təyin olunmuş şəhərin ən təcrübəli istintaq hakimi Monik Mabelli (1924–2012) edamdan dərhal sonra gördüklərini və hiss etdiklərini kağıza köçürür.


Həmida Candubinin son dəqiqələrini təsvir edən üç səhifəlik bu mətn təmkinli olsa da, eyni zamanda dəhşət və boğulmuş qəzəblə doludur. Müəllif məhkumun ardınca kameraya daxil olduqları andan onun gilyotinə aparıldığı ana qədər keçən dəqiqələri, son siqaret ətrafındakı tərəddüdləri, qaçılmaz anı gecikdirmək üçün göstərilən əbəs cəhdləri və bədəni iki yerə bölən tiyəni dəqiqliklə qələmə alır. Şahidlik etmək üçün onda “soyuq bir üsyan” hissi yaradan bu edamdan qayıdan kimi yazılmış bir neçə sətirdir. Monik Mabelli bu əlyazmanı on il sonra oğlu Remi Ottavyanoya vəsiyyət edəcək, o isə sənədi bir neçə həftə əvvəl Rober Badenterə təhvil verəcəkdi.

9 sentyabr 1977-ci il

Tunis təbəəsi Candubinin edamı.

Saat 15:00-da cənab Sədr R… mənim bu icrada iştirak etmək üçün təyin olunduğumu bildirdi.

İçimdə üsyan hissi baş qaldırdı, lakin boyun qaçıra bilməzdim. Bütün günortanı bu fikirlə keçirdim. Mənim vəzifəm, zərurət yaranarsa, məhkumun son sözlərini qəbul etməkdən ibarət idi.

Saat 19:00-da B. və B. B. ilə kinoya getdim, sonra onun evində yüngül bir şam yeməyi yedik və saat 01:00-a qədər Sine-Klubun filminə baxdıq. Evə qayıtdım, xırda-para işlərimlə məşğul oldum, sonra çarpayıya uzandım. Cənab B. L. xahiş etdiyim kimi saat 03:15-də zəng vurdu. Hazırlaşdım. Polis maşını məni götürməyə saat 04:15-də gəldi. Yol boyu bir kəlmə də danışmadıq.

Bomett həbsxanasına çatdıq. Hamı orada idi. Baş prokuror hamıdan sonra gəldi. Dəstə formalaşdı: iyirmiyə, yaxud otuza yaxın nəzarətçi və rəsmi şəxs. Bütün yol boyu addım səslərini boğmaq üçün yerə qəhvəyi örtüklər sərilmişdi. Marşrut boyunca üç yerdə üzərində su dolu ləyən və xovlu dəsmal olan masalar qoyulmuşdu.

Kameranın qapısını açdılar. Eşitdim ki, məhkum mürgüləyirmiş, amma yatmırmış. Onu “hazırlayırlar”. Bu bir qədər vaxt aparır, çünki onun bir ayağı protezdir və onu yerinə taxmaq lazımdır. Gözləyirik. Heç kim danışmır. Zənnimcə, bu sükut və məhkumun zahiri itaətkarlığı oradakıları rahatladır. Qışqırıq və ya etiraz səsləri eşitmək heç kimin xoşuna gəlməzdi. Dəstə yenidən formalaşır və biz eyni yolla geri qayıdırıq. Yerdəki örtüklər artıq bir qədər kənara sürüşüb və addım səslərini boğmağa əvvəlki qədər diqqət yetirilmir.

Dəstə masalardan birinin yanında dayanır. Məhkumu stulda oturdurlar. Qolları arxadan qandallanıb. Nəzarətçi ona filtrli bir siqaret verir. O, bir söz demədən siqareti çəkməyə başlayır. Gəncdir. Saçları qapqara və səliqə ilə daranıb. Sifəti olduqca yaraşıqlıdır, cizgiləri düzgündür, lakin rəngi solğundur və gözlərinin altı qaralıb. Onda kütbeyinlikdən və ya vəhşilikdən əsər-əlamət yoxdur. Əksinə, yaraşıqlı bir oğlandır. Siqareti çəkir və dərhal qandalların çox sıxıldığından şikayətlənir. Bir nəzarətçi yaxınlaşıb onları boşaltmağa çalışır. O, yenə narazılıq edir. Bu an arxasında iki köməkçisi ilə dayanan cəlladın əlində nazik bir kəndir görürəm.

Bir anlıq qandalları kəndirlə əvəz etmək fikri yaranır, lakin sadəcə qandalları açmaqla kifayətlənirlər və cəllad o dəhşətli, faciəvi sözləri deyir: “Görürsünüz, azadsınız!…” Bu sözlər adamı diksindirir… O, demək olar ki, bitirmək üzrə olduğu siqareti çəkir və ona bir başqasını verirlər. Əlləri artıq sərbəstdir və asta-asta siqareti çəkir. Məhz həmin an görürəm ki, o, artıq hər şeyin bitdiyini — qaçmağın qeyri-mümkün olduğunu —, həyatının və ona qalan son anların məhz bu siqaret bitənə qədər davam edəcəyini həqiqətən dərk etməyə başlayır.

BU ADAM ÖLƏCƏK, O, HƏR ŞEYİN FƏRQİNDƏDİR

Vəkillərini çağırır. Cənab P. və cənab Q. yaxınlaşırlar. O, vəkillərlə mümkün qədər alçaq səslə danışır, çünki cəlladın iki köməkçisi onun lap yanında dayanıb və sanki bir insanın bu son diri anlarını belə əlindən almaq istəyirlər. O, cənab P.-yə bir kağız verir və vəkil onun xahişi ilə kağızı cırır; cənab Q.-yə isə bir zərf uzadır. Onlarla çox az danışır. Vəkillərin hərəsi bir tərəfdə dayanıb və öz aralarında da danışmırlar. Gözlənti uzanır. Həbsxana rəisini çağırır və şəxsi əşyalarının aqibəti barədə soruşur.


İkinci siqaret də bitir. Artıq təxminən on beş dəqiqə keçib. Gənc və mehriban bir nəzarətçi bir şüşə rom və qədəhlə yaxınlaşır. Məhkumdan içmək istəyib-istəmədiyini soruşur və yarım stəkan süzür. Məhkum asta-asta içməyə başlayır. İndi anlayıb ki, içkini bitirəndə həyatı da sona çatacaq. Vəkilləri ilə yenə bir qədər danışır. Ona rom verən nəzarətçini səsləyir və cənab P.-nin cırıb yerə atdığı kağız parçalarını yığmağı xahiş edir. Nəzarətçi əyilir, kağız parçalarını toplayır və cənab P.-yə verir, o da onları cibinə qoyur.

Məhz bu an hisslər bir-birinə qarışmağa başlayır. Bu adam öləcək, o, hər şeyin fərqindədir, sonu bir neçə dəqiqə gecikdirməkdən başqa əlindən heç nə gəlmədiyini bilir. Və bu, yatmaq vaxtını gecikdirmək üçün hər cür bəhanəyə əl atan uşaq şıltaqlığına bənzəməyə başlayır! Ona güzəştə gediləcəyini bilən və bundan istifadə edən bir uşaq kimi. Məhkum qədəhini kiçik qurtumlarla, yavaş-yavaş içməyə davam edir. İmamı çağırır; imam yaxınlaşır və onunla ərəbcə danışır. O da ərəbcə bir neçə kəlmə ilə cavab verir.

Qədəh demək olar ki, boşalıb və son bir cəhdlə başqa bir siqaret istəyir — “Gauloise” və ya “Gitane”, çünki ona verilən siqareti bəyənməyib. Bu xahişi təmkinlə, demək olar ki, vüqarla dilə gətirir. Lakin artıq səbirsizlənməyə başlayan cəllad araya girir: “Ona qarşı kifayət qədər anlayışlı, kifayət qədər mərhəmətli olduq, artıq bitirmək lazımdır.” Öz növbəsində baş prokuror da məhkumun “Bu, sonuncusu olacaq” deyərək təkid etməsinə baxmayaraq, siqareti verməkdən imtina edir. Oradakıları narahat bir ab-hava bürüməyə başlayır. Məhkum stulda əyləşəndən bəri təxminən iyirmi dəqiqə keçib. Həm çox uzun, həm də çox qısa görünən iyirmi dəqiqə! Hər şey bir-birinə qarışır.

CİNAYƏTİN İZLƏRİNİ TƏCİLİ YOX ETMƏK LAZIMDIR…

Bu son siqaret tələbi ötüb keçən vaxta öz gerçəkliyini, öz “kimliyini” qaytarır. İyirmi dəqiqə ərzində ayaq üstə səbirlə gözlənilmiş, stulda oturan məhkumun istəkləri dərhal yerinə yetirilmişdi. Bu vaxtın idarəsi onun ixtiyarına buraxılmışdı; bu, onun şəxsi anları idi. İndi isə ona verilmiş bu zamanın yerini başqa bir reallıq tutur. Vaxtı onun əlindən geri alırlar. Sonuncu siqaret rədd edilir və işi bitirmək üçün qədəhini tez boşaltması tələb olunur. O, son qurtumu içir. Qədəhi nəzarətçiyə uzadır. Dərhal cəlladın köməkçilərindən biri pencəyinin cibindən cəld bir qayçı çıxarır və məhkumun mavi köynəyinin yaxasını kəsməyə başlayır. Cəllad kəsiyin kifayət qədər geniş olmadığını işarə edir. Köməkçi işi asanlaşdırmaq üçün köynəyin arxasına qayçı ilə iki böyük zərbə vurur və kürəyin bütün yuxarı hissəsini çılpaqlaşdırır.


Cəld hərəkətlə, yaxanı kəsməzdən əvvəl, əllərini nazik kəndirlə arxadan bağlayırlar. Məhkumu ayağa qaldırırlar. Nəzarətçilər dəhlizdəki qapılardan birini açırlar. Qapının qarşısında gilyotin görünür. Nəzarətçilərin məhkumu itələməsinin ardınca, demək olar ki, tərəddüd etmədən onların arxasınca gedirəm və “maşın”ın olduğu otağa  bəlkə də daxili həyətə daxil oluram. Yan tərəfdə qəhvəyi rəngli, açıq bir qamış səbət qoyulub. Hər şey ildırım sürəti ilə baş verir. Bədəni, demək olar ki, üzüstə tullayırlar, lakin həmin an qorxudan “sınacağım” üçün deyil, sırf instinktiv, daxili bir həya hissi ilə başqa söz tapa bilmirəm üzümü çevirirəm.

Boğuq bir səs eşidirəm. Geri dönürəm qan, həddindən artıq qan, qıpqırmızı qan, bədən səbətin içinə aşıb. Bir saniyə içində bir insan ömrü kəsilib atıldı. Bir dəqiqə əvvəl danışan adam indi səbətin içindəki mavi pijamadan başqa bir şey deyil. Nəzarətçilərdən biri su şlanqını götürür. Cinayətin izlərini təcili təmizləmək lazımdır… Ürəyim bulanır, lakin hisslərimi cilovlayıram. İçimdə soyuq bir üsyan dalğası dolaşır.

Biz otağa keçirik. Orada baş prokuror protokol tərtib etmək üçün uşaqcasına təlaşla vurnuxur. D. hər sözü diqqətlə yoxlayır. Axı ölüm hökmünün icra protokolu mühüm məsələdir! Saat 05:10-da artıq evimdəyəm.

Bu sətirləri yazıram. Saat 06:10-dur.

Fransız dilindən tərcümə etdi: Əziz Əlibəyli

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər