Dabanınızda bu çıxıntı varsa, hər addım ağrılı ola bilər

Dabanınızda bu çıxıntı varsa, hər addım ağrılı ola bilər
27.11.2026 04:34 Sağlamlıq

Daban və ayaq altı ağrıları insanların gündəlik həyatına təsir edən geniş yayılmış problemlərdəndir. Bu ağrılar xüsusilə səhər yuxudan oyandıqda, ilk addımları atarkən və uzun müddət ayaq üstə qaldıqdan sonra daha çox hiss olunur. Ən çox rast gəlinən səbəblərdən biri daban mahmızı və plantar fasiitdir.

Daban mahmızı necə yaranır?

Daban mahmızı daban sümüyünün altında əmələ gələn kiçik sümük çıxıntısıdır. Ayağın alt hissəsində yerləşən plantar fassiya adlı qalın birləşdirici toxuma daban sümüyündən başlayaraq barmaqlara doğru uzanır və ayağın qövsünü dəstəkləyir.

Ayağa uzun müddət təzyiq düşdükdə, həddindən artıq yüklənmə və təkrarlanan dartılmalar nəticəsində bu toxumada zədələnmə və iltihabi proses yarana bilər. Zamanla daban sümüyünün birləşmə yerində sümük çıxıntısı formalaşa bilər. Buna daban mahmızı deyilir.

Lakin daban mahmızının olması hər zaman ağrı demək deyil. Bəzi insanlarda bu çıxıntı heç bir narahatlıq yaratmır.

Ayaq altı ağrılarının əsas mexanizmi

Ayaq altı ağrılarının ən yayılmış səbəblərindən biri plantar fasiitdir. Bu zaman plantar fassiya həddindən artıq gərginləşir və mikroskopik zədələnmələr meydana gəlir.

Xüsusilə səhərlər ayağa qalxarkən ağrının güclü olması bununla əlaqədardır. Gecə istirahət zamanı toxuma qısalmış vəziyyətdə olur. İlk addımlarda isə yenidən dartılır və ağrı yaranır.

Ağrının yaranmasına uzun müddət ayaq üstə qalmaq, artıq çəki, uyğun olmayan ayaqqabı, sərt səthlərdə gəzmək və ayaq qövsünün quruluş xüsusiyyətləri də təsir göstərə bilər.

Ağrını azaltmaq üçün nə etmək olar?

Ayağa düşən yükü azaltmaq, rahat və dəstəkləyici ayaqqabı geyinmək, baldır və ayaq altı əzələlərini yüngül şəkildə dartmaq faydalı ola bilər. Ağrı olan nahiyəyə dəsmala bükülmüş soyuq kompres tətbiq etmək də narahatlığı azalda bilər.

Ağrı uzun müddət davam edirsə, yeriməyə mane olursa və ya şişkinlik, qızartı ilə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır. Daban ağrısının səbəbi hər zaman mahmız olmur və düzgün müalicə üçün dəqiq diaqnoz vacibdir.

Kübra Musayeva

XƏBƏR LENTİ
28 NOYABR 2026
Bütün Xəbərlər