Dünyanın saatı dəyişəcək? Alimlərdən gözlənilməz qərar
Alimlər uzun illərdir istifadə edilən uzun saniyə əlavəetmə praktikasından imtina etmək qərarına gəliblər. Qərar Parisdə keçirilən Ölçülər və Çəkilər üzrə Baş Konfransda qəbul edilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Interesting Engineering” nəşri məlumat yayıb.
Uzun saniyə sistemi 1972-ci ildə Yerin fırlanmasının yavaşladığı müşahidə edildikdən sonra tətbiq olunub.
Məqsəd Koordinasiyalı Ümumdünya Vaxtını (UTC) planetin faktiki fırlanma sürəti ilə uyğunlaşdırmaq olub. Həmin vaxtdan indiyədək UTC-yə ümumilikdə 27 əlavə saniyə daxil edilib.
UTC müxtəlif ölkələrdə saatların sinxronlaşdırılması üçün istifadə olunur. Bu sistem kompüterlərin, smartfonların, təyyarələrin, gəmilərin və peyklərin fəaliyyətində mühüm rol oynayır. GPS sisteminin işləməsi üçün də dəqiq vaxt göstəriciləri vacibdir.
Lakin 2010-cu illərin ortalarından etibarən alimlər Yerin fırlanmasının sürətlənməyə başladığını müşahidə ediblər. Bu səbəbdən gələcəkdə əlavə saniyə artırmaq əvəzinə, vaxtdan bir saniyə çıxarmaq zərurəti yarana bilər. Mütəxəssislər belə dəyişikliklərin kompüter sistemlərində və rəqəmsal xidmətlərdə nasazlıqlara səbəb ola biləcəyindən narahatdırlar.
Problemlərin qarşısını almaq üçün konfrans iştirakçıları UTC ilə Yerin fırlanmasına əsaslanan vaxt arasındakı fərqin daha çox artmasına imkan vermək barədə razılığa gəliblər. Gələcəkdə fərq kritik həddə çatarsa, ayrı-ayrı saniyələr əvəzinə uzun saatın əlavə edilməsi mexanizmindən istifadə oluna bilər.
Alimlərin hesablamalarına görə, iki vaxt sistemi arasındakı fərq gələcəkdə 3600 saniyəyə, yəni bir saata çata bilər. Bununla belə, belə bir həddə çatmaq üçün min ildən çox vaxt keçəcəyi ehtimal edilir.
Kübra Musayeva