İordaniyada kilsəyə qanlı hücum: Ölənlər var - VİDEO
İordaniyanın Əl-Kərək şəhərində xristian kilsəsinə üç terrorçu hücum edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Mamlaka" telekanalına krallığın təhlükəsizlik xidmətindəki mənbə məlumat verib.
“Kilsənin qarşısında toplaşan insanlara atəş açan silahlılar radikal təkfirçi təşkilata mənsub olublar. Onlardan ikisi tapançadan, biri isə tüfəngdən atəş açıb”, - deyə telekanalın mənbəsi dəqiqləşdirib.
Məlumata görə, terrorçular hadisə yerindən qaçıblar. Təhlükəsizlik qüvvələrinin patrulları hazırda hücum edənləri axtarmaq üçün şəhər məhəllələrində əməliyyat keçirirlər.
Telekanalın istinad etdiyi tibbi mənbələr bildiriblər ki, Əl-Kərək xəstəxanasına 7 nəfərin meyiti və 12 yaralı gətirilib. Onlardan 6-sının vəziyyəti kritikdir.
Yaxın vaxtlarda Əmmanda İordaniyanın daxili işlər naziri Mazen Fərraya və hökumətin rəsmi nümayəndəsi Məhəmməd əl-Mumani mətbuat konfransı keçirəcəklər. Onlar terror aktı və xüsusi xidmət orqanlarının əməliyyatı barədə təfərrüatları açıqlayacaqlar.
Aysel Mətləb