NATO ilə müharibə başlasa, Rusiya bu hədəfləri vuracaq

NATO ilə müharibə başlasa, Rusiya bu hədəfləri vuracaq
17.10.2026 01:00 Dünya

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov NATO-nun Rusiyaya hücum edəcəyi təqdirdə cavab zərbəsinin dərhal nüvə silahı ilə endiriləcəyini bildirib.

TodayPress TV-nin “Lenta.Ru”ya istinadən verdiyi məlumata görə, deputat bu barədə oktyabrın 16-da açıqlama verib.

Juravlyovun sözlərinə görə, NATO ilə hərbi münaqişə baş verəcəyi təqdirdə Rusiyanın zərbələri Avropadakı alyansın qərargahlarına, eləcə də Almaniya, Belçika, İtaliya və Türkiyədə yerləşən, ABŞ-ın nüvə silahlarının olduğu aviabazalara və raket buraxılış qurğularına yönəldilə bilər.

Deputat belə bir qarşıdurma zamanı Rusiyanın tərəddüd etmək üçün vaxtının olmayacağını bildirib. O, NATO-nu güclü rəqib kimi xarakterizə edib.

Juravlyov potensial hədəflər sırasına Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatları istehsal edən hərbi-sənaye kompleksi müəssisələrini də daxil edib. O, Rusiya kəşfiyyatının daha əvvəl siyahısını dərc etdiyini iddia etdiyi bu obyektlərin məhv edilməsinin zəruri olduğunu söyləyib.

Həmin gün Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Dmitri Polyanski təşkilatın iclasında bildirib ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında nüvə silahlarının tətbiqinin sınaqdan keçirilməsinə yönəlmiş “Steadfast Noon” təlimləri Moskvanı mümkün hərbi cavaba hazırlaşmağa məcbur edir.

Onun sözlərinə görə, təlimlərdə NATO-nun 17 ölkəsinin hərbçiləri iştirak edir və aviasiya nüvə missiyalarının yerinə yetirilməsi üzrə hazırlıq keçir.

Bundan əvvəl, oktyabrın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Litvada NATO bazasının və nüvə silahlarının yerləşdirilməsinin gərginliyin artmasına və Moskvanın cavab tədbirlərinə səbəb olacağını bildirib.

Sentyabr ayında isə Litva Prezidenti Gitanas Nauseda ABŞ hərbçilərinin ölkəyə qaytarılması ilə bağlı qərarın qəbul edildiyini açıqlayıb.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
17 OKTYABR 2026
Bütün Xəbərlər