“Avropanı çox ağır aylar gözləyir” - TƏCİLİ XƏBƏRDARLIQ
Avropa İttifaqına üzv ölkələr arasında Ukraynaya dəstək məsələsində indiyədək görünməmiş birlik formalaşıb. Bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, Ukraynaya dəstəyin gücləndirilməsi təkcə həmrəylik məsələsi deyil, Avropanın təhlükəsizliyi ilə bağlıdır.
Tusk qeyd edib ki, Ukraynaya dəstək verməkdə daha tərəddüdlü olan və bəzən Rusiya Prezidenti Vladimir Putinə qarşı zəif mövqe sərgiləyən ölkələr belə qarşıdakı bir neçə ayın həlledici olacağını anlayırlar. Bu dövr təkcə Ukraynanın deyil, bütün Avropanın gələcəyinə təsir göstərə bilər.
Polşa hökumətinin başçısı vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya ilə bağlı mövqeyindəki dəyişiklik fonunda Avropa Kiyevə dəstəyini daha da artırmalıdır.
O bildirib ki, bir çox ölkə Ukraynaya yalnız rəğbət bəslədiyi üçün deyil, onun məğlubiyyətinin bütün Avropa üçün ağır nəticələr doğuracağını anladığı üçün dəstək verir.
Tusk Rusiyanın eskalasiyanı gücləndirəcəyinin və daha genişmiqyaslı təxribatlara əl atacağının gözlənildiyini də deyib. Onun sözlərinə görə, xüsusilə Baltikyanı ölkələrdə baş verən təxribat və sabotaj aktları ciddi narahatlıq doğurur.
Baş nazir Ukraynanın qarşıdan gələn qışa ağır şəraitdə hazırlaşdığını da bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı ölkədə elektrik enerjisi təchizatında geniş problemlərin olduğunu, qaz təchizatında da çətinliklər yaşandığını öyrəndiyini qeyd edib.
Tusk vurğulayıb ki, Ukraynada elektrik enerjisinin kəsilməsi və qaz təchizatındakı problemlər səbəbindən gecələr hava xeyli soyuyur. Onun sözlərinə görə, ölkəni çox çətin qış gözləyir.
Kübra Musayeva