Rəqabət Məcəlləsinin tətbiqi barədə maarifləndirici seminar keçirildi
Maliyyə
06.04.2026 12:01
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair seminar keçirilib.
TodayPress TV xəbər verir ki, tibbi xidmətlər sahəsində fəaliyyət göstərən 20-yə yaxın təsərrüfat subyekti təmsilçisinin qatıldığı tədbirdə Agentliyin Antiinhisar nəzarəti şöbəsinin müdiri Fuad Yadigarov rəqabətin təmin olunması istiqamətində görülən işlərdən bəhs edib.
Antidempinq araşdırmaları sektorunun müdiri Gündüz Camalzadə isə “Rəqabət Məcəlləsi: Tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib.
Təqdimat zamanı rəqabət siyasətinin prinsipləri iştirakçıların diqqətinə çatdırılıb, rəqabəti məhdudlaşdıran sazişlərin mahiyyəti, müvafiq bazarda hökmran mövqenin müəyyən edilməsi meyarları və ondan sui-istifadə halları barədə məlumat verilib. Rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, müvafiq sahədə dövlət nəzarətinin təşkili və tənzimləmə mexanizmlərindən bəhs olunub.
Seminar çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları ətrafında müzakirələr aparılıb, praktiki nümunələr əsasında izahlar verilib.
tag: Antiinhisar ,Seminar,Rəqabət Məcəlləsi,Tələb,Todaypress.tv,
