Azərbaycanda qeyri-rəsmi işləyənlərin sayı niyə artıb?

İqtisadiyyat

12.12.2025 17:38

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanda iqtisadiyyatda fəal əhalinin cəmi 36,3 faizi əmək müqaviləsi ilə çalışır. Bu isə o deməkdir ki, hazırda hər 100 işləyən vətəndaşdan 64-ü qeyri-rəsmi şəkildə, yəni müqavilə olmadan fəaliyyət göstərir. 

Bəs hansı addımlar atılarsa əmək müqaviləsi ilə çalışanların sayı real olaraq arta bilər?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli problemin yalnız rəqəmlərlə izah edilməsinin doğru olmadığını bildirib.


O, vəziyyətin daha mürəkkəb olduğunu və statistik mənzərənin bəzi mühüm nüansları əks etdirmədiyini deyib:

"Rəqəmlərə baxanda elə görünür, amma əslində başqa bir yanaşma da var. Azərbaycanda kənd təsərrüfatında çalışan, VÖEN-lə fəaliyyət göstərən çoxlu sayda insan var. Məsələn, yalnız VÖEN-lə çalışanların sayı 700 min civarındadır. Kənd təsərrüfatında isə 1 milyon 400 min nəfərin çalışdığı deyilir. Bu baxımdan qeyri-rəsmi məşğulluq kimi yox, əmək müqaviləsiz çalışanların sayı çoxdur".

İqtisadçının fikrincə, əmək müqaviləsi ilə çalışanların sayını artırmaq üçün ilkin olaraq sistemli və real addımlar atılmalıdır.

Ekspert qeyd edib ki, əmək müqaviləsi ilə çalışanların sayının artması yalnız inzibati qərarlarla mümkün deyil:

"Qeyri-rəsmi məşğulluğun azalması üçün iqtisadi mühit dəyişməlidir. İşçi və işəgötürən əmək müqaviləsində maraqlı olmalıdır. Əks halda rəqəmlər dəyişsə də, real vəziyyət dəyişməyəcək", - deyə Natiq Cəfərli qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Natiq Cəfərli,İqtisadçı,Qeyri-rəsmi iş,Artım,Todaypress.tv,