Məktəbi qarşıdurma meydanına çevirməyə haqqınız yoxdur! - Əliməmməd Nuriyev
"Məktəbi qarşıdurma meydanına çevirməyə haqqınız yoxdur".
TodayPress TV xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
Fond rəhbəri vurğulayıb ki, din adı altında məktəblərə təzyiq göstərilməsi, hədə-qorxu gəlinməsi qətiyyən yolverilməzdir:
"Əgər İslam adı ilə bizə təqdim etdiyiniz insanların üstünə yerimək, hədə-qorxu gəlmək, dövlətə öz iradənizi zorla qəbul etdirməkdirsə, mən bunu qəbul etmirəm. Din adından danışmaq sizə belə bir səlahiyyət verməyib".
Əliməmməd Nuriyev həmçinin radikal şüarlarla çıxış edənlərə sərt xəbərdarlıq edib:
""Hicabı qanımızla müdafiə edəcəyik" şüarı ilə çıxanlara sözüm budur. Dediyiniz sözün məsuliyyətini anlayın. Heç bir geyim mübahisəsi insan həyatını və təhlükəsizliyini riskə atmağa haqq qazandıra bilməz.Məktəbin qapısını təzyiqlə açdırmaq, müəllimi qorxutmaq, uşaqları qarşıdurmaya sövq etmək istəyənlər bilməlidirlər, buna güzəşt tələb edə bilməzsiniz. Şikayətiniz varsa, hüquqi qaydada irəli sürün. Zor tətbiq edən və zorakılığı təşkil edən hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir. Təqsiri sübuta yetirilənlərə qanunun nəzərdə tutduğu sərt cəza tətbiq olunmalıdır".
Ekspert prosesin arxasında dayana biləcək xarici qüvvələrə və məsələnin milli təhlükəsizlik tərəflərinə də toxunub:
"Xarici dövlətin göstərişini burada icra edən, dini hisslərdən istifadə edərək Azərbaycanı qarışdırmağa çalışan varsa, əlaqələri və təşkilatçıları araşdırılıb üzə çıxarılmalıdır. Xarici himayə heç kimi məsuliyyətdən qurtarmamalıdır. Mən insanların inancına hörmət edirəm. Elə buna görə də dinin hədə-qorxu vasitəsinə çevrilməsinə susmayacağam. Azərbaycanın məktəblərində uşaqlarımızın gələcəyi həll olunur. O gələcəyi heç kimin siyasi hesabına qurban verməyəcəyik", - deyə Ə.Nuriyev fikrini tamamlayıb.
Türkan İsgəndərli