Şagird dərs öyrənməli idi, yoxsa mərsiyə?

Şagird dərs öyrənməli idi, yoxsa mərsiyə?
12.10.2026 15:35 Sosial

"Biz ölərik, əldən hicab vermərik,

İmam Zaman, sənə sadiq əsgərik."

Məktəblərdəki son hadisələrlə bağlı yayılan görüntülərə hamı fərqli yanaşdı Ancaq məsələni kənardan müşahidə edəndə görmək olur ki, bu, hicab etirazı deyil. Bu, Azərbaycanın dünyəvi təhsil sisteminə qarşı məqsədyönlü şəkildə hazırlanmış əməliyyatdır. Uşaqlar sadəcə alətdir, əsas hədəf isə dövlətdir.

Bu şüarları uşaqlara kim öyrədib?

10-cu sinif şagirdi durduğu yerdə “Bu konstitusiyaya ziddir, ayrı-seçkilikdir, hicaba qadağadır” kimi mürəkkəb hüquqi ifadələr işlətmir. Bu cümlələr uşaqlara kənardan əzbərlədilib. Burada üç təhlükə - ailə mühitindəki radikallar, sosial şəbəkə təbliğatçıları və qeyri-rəsmi, gizli dərnəklər açıq-aşkar görünür. "Telegram" və "TikTok" üzərindən yerli dildə danışan, amma kənar mərkəzlərdən idarə olunan hesablar hər gün formanı cırıb video çəkməyə çağırır. Müxtəlif adlar altında toplanan gizli kurslarda isə uşaqlara inanc yox, dövlətə, müəllimə və həmyaşıdlarına qarşı nifrət aşılanır. Uşaqlar günahkar deyil. Əsas günahkar onları istiqamətləndirən şəbəkədir.

Burada plan var, yoxsa təsadüf?

Təsadüf olsaydı, hadisə bir məktəblə bitərdi. Eyni həftə ərzində Bakı, Sumqayıt, Gəncə və Masallıda eyni şüarlar, eyni video formatı və eyni heşteqlər ortaya çıxıb. Bu, mərkəzləşdirilmiş kampaniyadır. Klassik siyasi texnologiya mərhələləri ilə gedir: uşaqları ön plana çıxarmaq, təsirli videolar yaymaq, dövlətin reaksiyasını “uşaqlara təzyiq” kimi təqdim etmək və nəhayət vahid məktəbli formasını sıradan çıxarıb dini geyimləri təhsilə daxil etmək.

Arxada xarici maraqlar varmı?

Bəli. Bu gün ölkədə fərqli adlar altında fəaliyyət göstərən, amma eyni dağıdıcı məqsədə xidmət edən iki radikal cəbhə var.

İran yönümlü radikalizm dünyəvi təhsili sarsıtmaq, qız uşaqlarını məktəbdən uzaqlaşdırmaq istəyir. Forma sadəcə bəhanədir – maliyyə, ədəbiyyat və təlimatlar kənardan gəlir. 

Körfəz mənşəli radikalizm də ideoloji cəhətdən fərqli olsa da, dünyəvi təhsilə və dövlət institutlarına münasibətdə eyni mövqedən çıxış edir. Şüarlar fərqlidir, zərbə eyni yerə – dünyəvi dövlət quruluşuna və vahid formaya dəyir.

Bu təhlükəyə qarşı necə uğur qazanmaq olar?

Cəmiyyət artıq anlayır ki, bu, dini inanc məsələsi deyil, siyasi manipulyasiyadır. Səmimi dindar uşağı kameraya çəkib şüar dedirtməz, onun təhsil almasına çalışar. Bunun qarşısını almaq üçün əsas təşkilatçıları hədəf almaq, maliyyə axınlarını kəsmək, məktəblərdə ideoloji dayanıqlığı gücləndirmək və dindar ailələrlə doğru ünsiyyət qurmaq lazımdır. Vahid forma heç kimin inancına qarşı deyil – o, bərabərliyin və nizam-intizamın təminatıdır.

Bu gün vahid formaya qarşı çıxan yanaşmanın qarşısı alınmazsa, sabah dövlətin digər dünyəvi sütunları hədəfə alınacaq. Yaxın Şərq təcrübəsi bunun nə ilə bitdiyini açıq göstərir. Azərbaycan dünyəvi dövlətdir və bu statusunu qorumaq məcburiyyətindədir. Həmin qızlar bizim vətəndaşlarımızdır. Onları radikal qrupların təsirindən qoruyub elmin və müasir təhsilin yoluna yönəltmək hamımızın borcudur.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər