“Çelsi”nin sabiq sahibinin başı üzərində qara buludlar əsir!

“Çelsi”nin sabiq sahibinin başı üzərində qara buludlar əsir!
12.10.2026 16:05 İdman

“Çelsi” klubunun sabiq sahibi Roman Abramoviç audit şirkəti “Deloitte” və korporativ xidmətlər göstərən “MeritServus” şirkətinin köməkliyi ilə vergilərdən yayındığı şübhəsi ilə üzləşib. 

TodayPress TV xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Minlərlə sənədin sızmasına əsaslanan jurnalist araşdırmasına görə, 2006-cı ildə “Amiscan Investments” şirkətinin aktivləri (Qərbi Sasseksdə malikanə, Londonda mənzil, Cənubi Fransadakı mülk, şəxsi təyyarələr, helikopterlər və Pelorus yaxtası) Britaniya Vircin adalarındakı ana şirkətə köçürülüb. Saziş sənədlərinə isə arxa tarix - 2003-cü il yazılıb. “Deloitte Cyprus” sənədləri yoxlayaraq 672 milyon dollarlıq aktivlərin itib-batdığı hesabatı təsdiqləyib.

Araşdırma, həmçinin “Kravin Investments” (Kipr hesablarında təxminən 2 milyard dollar) və “Electus Investments” (Abramoviçin 10 milyard dollardan çox biznes aktivləri) şirkətlərinə də toxunur. Bildirilir ki, həmin qurumlar üçün Kiprin faiz gəlirləri vergisindən yayınmaq məqsədilə tarixləri dəyişdirilmiş sənədlər hazırlanıb.

Hazırda Türkiyədə yaşadığı ehtimal edilən Abramoviç Cersi adasında cinayət təqiqatının figurantıdır - orada onun 5,4 milyard funt-sterlinq (7,1 milyard dollar) dəyərində aktivləri dondurulub. Onun hüquq qrupu ittihamları rədd edərək, iş adamının şirkətlərin əməliyyat idarəçiliyində iştirak etmədiyini və sənədlərin saxtalaşdırılmasına icazə vermədiyini bəyan edib.

“Deloitte Cyprus” isə qanunlara uyğun hərəkət etdiklərini bildirib, sənədlərin 20 ildən çox əvvələ aid olması və əlçatmazlığı səbəbindən detalları şərh etməkdən imtina edib.

Xatırladaq ki, Abramoviçin “Çelsi”yə rəhbərlik etdiyi dövr (2003–2022) beş Premyer Liqa çempionluğu və iki Çempionlar Liqası qələbəsi ilə yadda qalıb. Klub 2022-ci ildən sonra tətbiq edilən sanksiyalar səbəbindən satılıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 OKTYABR 2026
Bütün Xəbərlər