Kreditlərin verilməsi qaydaları DƏYİŞDİRİLDİ
Azərbaycan Mərkəzi Bankı (AMB) banklarda kredit risklərinin idarə edilməsi, aktivlərin təsnifləşdirilməsi və istehlak kreditlərinin verilməsi ilə bağlı qaydalara dəyişiklik edib.
TodayPress TV xəbər verir ki, bununla bağlı AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bankların nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslərə və fərdi sahibkarlara verdiyi kreditlərlə bağlı yeni tələb müəyyən edilib.
Belə ki, həmin şəxslərin nisyə satış portfelinin ümumi həcmi və alıcılarının sayı barədə banka təqdim etdikləri məlumatlarla kredit bürolarına ötürdükləri məlumatlar müqayisə ediləcək. Göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90%-dən az olarsa, həmin kredit aktivi qeyri-qənaətbəxş kimi təsnifləşdiriləcək.
Dəyişikliklər istehlak kreditləri üzrə zaminlik tələblərini də əhatə edir. Belə ki, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə, zaminin borc yükünün gəlirə nisbəti (BGN əmsalı) 70%-dən çox ola bilməz.
Bundan başqa, borcalanın gəlirlərinin müəyyənləşdirilməsi ilə bağlı yeni məhdudiyyət tətbiq olunur. Borcalanın gəlirləri əməkhaqqı, pensiya, təqaüd, müavinət, depozit faizləri və digər gəlirləri təsdiqləyən sənədlər, yaxud dövlət informasiya sistemlərindən əldə edilən məlumatlar əsasında müəyyən edilə bildikdə, davranış modeli ilə proqnozlaşdırılmış gəlirdən istifadə edilməsinə icazə verilməyəcək.
Bu tələb müvafiq müddəanın qüvvəyə minməsindən sonra yaranan kredit tələblərinə şamil olunacaq.
Qərar bir aydan sonra qüvvəyə minəcək.