Azərbaycanlı körpə qızları 7-ci əsrin ərəb qaydalarına uyğun bağlamaq... - AÇIQLAMA
Son zamanlar cəmiyyətdə azyaşlı qız uşaqlarının hicab və dini geyimlərlə məktəbə göndərilməsi, onların dünyəvi təhsildən uzaqlaşdırılması məsələsi gündəmdədir.
Məsələ ilə bağlı hüquqşünas İlqar Altay TodayPress TV-yə açıqlamasında bu prosesin kökündə duran ziddiyyətləri kəskin suallar və sərt arqumentlərlə dəyərləndirib.
Hüquqşünas bildirib ki, körpə qız uşaqlarını bu yaşda radikal dini qaydalara bağlayan qadınların özləri də əslində ənənəvi dəyərlərə sahibdirlər və veriləcək suallara birmənalı şəkildə mənfi cavab verəcəklər:
"Mənim bu videodakı və bunun kimi də, digər soydaş Azərbaycan ana, nənə qadınlarına, öz körpə qız uşaqları, nəvələrini bu yaşda 7-ci əsr qaydalı dinə və hicaba bağlayıb, onları dini tipli mədrəsəyə yox, dünyəvi dövlətin dünyəvi tipli məktəbinə bu cür inadla itələməsinə görə çox yox, iki sualım var:
Siz bu uşağı belə qəlblə qatı dini inancında durduğunuz İslam, Quran qaydaları üzrə 9-12 "bioloji yetkinlik" yaşında ərə verərsinizmi? Əminəm ki, deyəcəklər: "Yox, nə danışırsız!". Düz də edəcəklər, çünki hər nə də olsa əslən, qan və kökdən azərbaycanlı, türk milli kökənli qadınıdırlar.
Siz özünüz belə qəlbdən qatı dini inancında durduğunuz İslam, Quran qaydaları üzrə ərinizin dördüncü arvadı olmağa heç, razı olarsınızmı? Əminəm ki, deyəcəklər: "Yox, nə danışırsız!". Düz də edəcəklər, çünki hər nə də olsa, əslən qan və kökdən azərbaycanlı, türk milli kökənli qadınıdırlar".
İlqar Altay qeyd edib ki, bu cür ziddiyyətli davranışların arxasında ya dərindən anlamamaq, ya da xarici dairələrin maraqları dayanır:
"Belə halda, 2 cür məntiqi nəticə hasil olur: Ya bu qadınlar, heç, dinin kökü-dərinliyini anlamayıb, sadəlövlüklə küyə düşüb dinə qoşulublar, eynilə, inancları da tam deyil və anlamadan, öz uşağını da qoşublar bu yola. Ya da ki, bu qadınlar hansısa həyati məcbur, ya maraq-mənfəət üzündən hicab məsələsini körükləyən radikal-pozucu dairələrin tapşırığını yerinə yetirir, öz uşağını da bu yolda istifadəli edirlər. Başqa nəsə variant görünmür, bilən desin", - deyə o, fikrini tamamlayıb.
Türkan İsgəndərli