Tarixi təklif: Arda Turan həm "Şaxtyor"u, həm də Türkiyə millisini idarə edə bilər!
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunu çalışdıran Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib. 39 yaşlı mütəxəssis bu təklifi müzakirə etmək üçün şəxsi təyyarə ilə İstanbula gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Türkiyə Futbol Federasiyasının (TFF) iclasında milli komandanın baş məşqçisi postuna yerli namizəd kimi yalnız onun adı müzakirə olunub. Lakin Arda Turan müharibə şəraitində olan klubunu yarı yolda qoymaq istəmədiyini və “Şaxtyor”un onu buraxmayacağını bildirib.
Bunu nəzərə alan TFF rəhbərliyi ona qeyri-adi bir variant - həm “Şaxtyor”un, həm də Türkiyə millisinin baş məşqçisi vəzifələrini paralel şəkildə icra etməyi təklif edib. Turan bu ehtimalı dəyərləndirmək üçün Donetsk klubunun rəhbərliyi ilə görüşəcək.
Xatırladaq ki, Arda Turanın “Şaxtyor” ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. Mütəxəssis bu təklifi qəbul etməyəcəyi təqdirdə, federasiya xarici məşqçilərin namizədliyinə baxmağı planlaşdırır. Ötən mövsüm “Şaxtyor”la çempionluq qazanması və yüksək nəticələr göstərməsi onun bu posta əsas namizəd kimi irəli sürülməsinə səbəb olub.
Namiq HUN