Millimiz son 17 ilin ən yaxşı nəticəsinə imza atdı

İdman

27.04.2026 09:15

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb.

TodayPress TV xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləş millimiz 2 qızıl və 2 gümüş medal qazanıb. 

Ali Tsokayev (92 kq) finalda bolqarıstanlı Ahmed Batayevə 5:3 hesabıyla qalib gələrək ilk dəfə qatıldığı Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İkinci qızıl medalı komandamıza Giorgi Meşvildişvili (125 kq) qazandırıb. Pəhləvanımız macar Vladislav Baytsayevə heç bir şans verməyərək (8:0) ardıcıl 2-ci dəfə Avropanın ən güclüsü olub.

Turan Bayramov (74 kq) həlledici görüşdə slovakiyalı Taymuraz Salkazanova 2:4 hesabıyla uduzaraq gümüş medalı boynundan asıb.

Arseniy Djioyev (86 kq) isə finalda rusiyalı İbrahim Kadiyevə minimal fərqlə məğlub olub (1:2) və gümüş medala sahib çıxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığma komandamız da Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Namiq HUN

TodayPress TV 



tag: Albaniya,Tirana,Gümüş ,Qızıl ,Todaypress.tv,