Məhəmməd Əlinin nəvəsi boks islahatına etiraz etdi
İdman
25.04.2026 11:15
Niko Əli Uolş ABŞ Senatında keçirilən dinləmələrdə boks islahatına qarşı çıxıb.
TodayPress TV xəbər verir ki, əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi “Məhəmməd Əli adına Boksun Dirçəlişi Aktı” adlı qanun layihəsinin qəbul edilməməsinə çağırış edib.
Dinləmələrə senator Ted Kruz sədrlik edib.
Niko Əli Uolş bildirib ki, babasının adını daşıyan əvvəlki qanun boksçuların hüquqlarını qorumaq, maraq toqquşmasının və istismarın qarşısını almaq üçün yaradılmışdı. Onun sözlərinə görə, yeni qanun layihəsi bu prinsipləri zəiflədə bilər.
O qeyd edib ki, qarışıq döyüş növlərində, xüsusilə UFC modelində döyüşçülər adətən gəlirin 20 faizini qazanır, halbuki boksda bu rəqəm 80 faizə qədər yüksələ bilər.
Əli Uolşun fikrincə, boks böhran içində deyil və əgər belə olsaydı, UFC çempionları yüksək qazanc üçün peşəkar boks döyüşlərinə keçməyə çalışmazdı.
Niko bildirib ki, qanun layihəsi hazırkı formada qəbul edilərsə, onun babasının adını daşımamalıdır.
Dinləmələrdə, həmçinin “Golden Boy Promotions”nin rəhbəri Oskar de la Hoya, TKO və Zuffa Boxing nümayəndəsi Nik Xan, eləcə də Florida Atletika Komissiyasının icraçı direktoru Timoti Şipman iştirak edib.
Namiq HUN
tag: Niko Əli Uolş,ABŞ Senatı,Məhəmməd Əli,Boks,Todaypress.tv,
