Madeyrada tarix yazan azərbaycanlı pilot
İdman
22.12.2025 15:40
Portuqaliyada kartinq üzrə cari ilin son yarışı keçirilib.
TodayPress TV xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də mövsümə Madeyra şəhərində yekun vurulub.
Yarışda iştirak edən ən gənc pilot – 16 yaşlı azərbaycanlı Davin Cəfərov ilk dəfə DD2 MAX kateqoriyasında çıxış edib. O, turnirdə “BirelArt” komandasını təmsil edən yeganə pilot olub.
Üç gün davam edən yarışlar əlverişsiz hava şəraitində baş tutub. Uzunluğu 1040 metr olan Madeyra trekində Davin Cəfərov finişə üçüncü çatsa da, yarışın ən sürətli dövrəsini nümayiş etdirərək xüsusi diqqət cəlb edib.
Qeyd edək ki, trekdə pilotların saat əqrəbinin əksi istiqamətində hərəkət etməsi yarışı yüksək çətinliyi ilə fərqləndirir.
Bununla yanaşı, Davin Cəfərov Madeyra trekində yarışan ilk əcnəbi pilot kimi də tarixə düşüb. Beləliklə, gənc idmançı cari kartinq mövsümünü uğurla başa vurub.
Xatırladaq ki, kartinq üzrə növbəti mövsümün 2026-cı ilin fevralında başlanması nəzərdə tutulur. Davin Cəfərovun gələn il dünya və Avropa çempionatlarında, eləcə də bir sıra beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır. Gənc pilot yeni mövsümə Portuqaliya və İspaniyada hazırlaşacaq.
Namiq HUN
tag: Kartinq,Portuqaliya,Yarış,Davin Cəfərov,
