Joze Mourinyo gələcəyi ilə bağlı susqunluğunu pozdu!

İdman

25.04.2026 09:54

Portuqaliyalı futbol mütəxəssisi Joze Mourinyo gələcəyi ilə bağlı yayılan şayiələr fonunda açıqlama verib.

TodayPress TV xəbər verir ki, hazırda “Benfika”nı çalışdıran 63 yaşlı məşqçi mövsümün sonunda klubla yollarını davam etdirib-etdirməyəcəyinə 10 gün ərzində qərar veriləcəyini bildirib.

Mourinyo bildirib ki, artıq bu mövzuda deyəcəyi hər şeyi deyib: 

“Mövsüm başa çatanda bizim 10 günümüz olacaq ki, əməkdaşlığı davam etdirək, yoxsa ayrılıq qərarı verək. Artıq demək istədiyim hər şeyi demişəm. Kifayət qədər danışılıb, bəlkə də lazım olandan çox. Buna görə təkrarlamağın mənası yoxdur. Və bununla da hər şey bitdi”.

Daha əvvəl portuqaliyalı çalışdırıcı yaydan sonra da “Benfika”da qalmaq istədiyini desə də, gələcəyinin klubun mövqeyindən asılı olduğunu vurğulamışdı.

“Real Madrid” və ya Portuqaliya Futbol Federasiyasından mümkün təkliflərlə bağlı suala isə Mourinyo cavab verməkdən imtina edib.

Təcrübəli mütəxəssis həmçinin Portuqaliya mediasında yayılan, klub prezidenti Rui Koşta ilə konflikt yaşadığı barədə xəbərləri təkzib edib.

Qeyd edək ki, Mourinyonun “Benfika” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir. Lakin müqavilədə hər iki tərəfin təşəbbüsü ilə erkən xitam imkanı nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV

tag: Joze Mourinyo,Benfika,Mövsüm,Futbol,Todaypress.tv,