İllər sonra etiraf: Alonso tənqidlərində haqlı çıxdı!

İdman

20.04.2026 15:38

“Formula-1” üzrə ikiqat dünya çempionu Fernando Alonso “Aston Martin” və  “Honda” mühərriki ilə bağlı mövcud problemlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb.

İspan pilot vəziyyəti 2015-ci ildə “McLaren” komandasında çıxış etdiyi dövrlə müqayisə edib və həmin vaxt səsləndirdiyi tənqidlərin indi daha yaxşı anlaşıldığını vurğulayıb.

Alonsonun sözlərinə görə, o dövrdə mediada vəziyyət şişirdilmişdi və sanki bütün məsuliyyət onun üzərinə qoyulmuşdu:

“10 il əvvəl biz hamımız - Stoffel Vandorn, Censon Batton və mən eyni şeyi deyirdik. Layihə başlanğıcda kifayət qədər hazır deyildi. Amma nədənsə hamı yalnız mənim dediklərimi xatırlayır”.

O əlavə edib ki, həmin dövrdə radiodan emosional çıxışları olsa da, bu, sadəcə rəqabətçi ruhdan irəli gəlirdi və nəticələrdən narazılığın ifadəsi idi.

Hazırda isə Alonso komandası ilə birlikdə problemlərin həlli üçün çalışdıqlarını bildirib. Onun sözlərinə görə, “Aston Martin” mövcud resurslarını “Honda” mühərrikindəki vibrasiya və enerji paylanması problemlərinin aradan qaldırılmasına yönəldir.

Təcrübəli pilot qeyd edib ki, müasir “Formula-1” əvvəlkindən daha çox texnoloji imkanlara malikdir və bu da problemlərin həllinə kömək edə bilər. Bununla belə, o, vəziyyətin dərhal düzələcəyini gözləmədiyini vurğulayıb.

Namiq HUN

TodayPress TV

tag: Formula-1, Fernando Alonso,Aston Martin,Honda,Todaypress.tv,