Gülər Hüseynova tarix yazdı – Azərbaycan boksunda ilk!

Gülər Hüseynova tarix yazdı – Azərbaycan boksunda ilk!
12.11.2026 16:18 İdman

Azərbaycan komandası Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

TodayPress TV Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, boksçumuz Gülər Hüseynova (51 kq) gümüş medala sahib çıxıb.

İdmançımız Dakar Ekspo Mərkəzində keçirilən final görüşündə Venesuela təmsilçisi Qrenyellis Qarsiyaya məğlub olub.

Bununla da Gülər Hüseynova Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazanan ilk azərbaycanlı qız boksçu kimi tarixə düşüb.

Beləliklə, Azərbaycan komandasının Dakar-2026-da qazandığı medalların sayı 6-ya çatıb.

Daha əvvəl cüdoçu İbrahim Talıbov (55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medal qazanıblar.

Komandamızın digər üzvləri - çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) və taekvondoçu Adil Kazımlı (73 kq) isə Oyunları gümüş medalla başa vurublar.

Qeyd edək ki, Gülər Hüseynova taekvondoçu Adil Kazımlı ilə birlikdə noyabrın 13-də keçiriləcək Dakar-2026-nın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olacaq.

Namiq HUN

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər