Trampın hədələri Meksikanın gözünü qorxutdu - Şeynbaumdan TƏCİLİ addım
Meksika hakimiyyəti miqrant karvanlarının iştirakçılarına ABŞ sərhədini keçməyin və ölkə ərazisinə daxil olmağın mümkün olmadığı barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudia Şeynbaum gündəlik mətbuat konfransı zamanı ABŞ lideri Donald Trampın qeyri-qanuni miqrant axınına görə respublikaya tətbiq edilən gömrük rüsumlarını ikiqat artırmaq vədinə münasibət bildirərkən açıqlama verib.
“Biz karvanda hərəkət edən insanlara Birləşmiş Ştatlara çatmağın çox çətin olduğunu və əgər onların məqsədi ABŞ-yə getməkdirsə, buna nail ola bilməyəcəklərini, çünki belə bir imkanın olmadığını bildiririk”, - deyə dövlət başçısı vurğulayıb.
O qeyd edib ki, bu məlumatı aldıqdan sonra əcnəbilərin böyük əksəriyyəti Meksika hakimiyyətinin köməyi ilə təhlükəsiz şəkildə mənşə ölkələrinə qayıtmağa üstünlük verir, bəziləri isə müəyyən şərtlər daxilində Meksikada qalmağa razılaşır.
Şeynbaumun sözlərinə görə, aparılan maarifləndirmə işi və humanitar yardım sayəsində yürüşlərin iştirakçılarının sayı sürətlə azalır:
“ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra heç bir miqrant karvanı şimal sərhədinə çatmayıb. Hazırda iki karvan var. Onlardan biri Çyapas ştatının Arriaga şəhərində yerləşir. Əvvəlcə orada təxminən 500 və ya bu gün bildirildiyi kimi, 600 nəfər var idi, hazırda isə onların sayı 100 nəfərdən azdır”, - deyə prezident bildirib və əlavə edib ki, insan hüquqlarına riayət olunmaqla Hondurasdan hərəkət edən ikinci karvanla da analoji iş aparılır.
Xatırladaq ki, daha əvvəl Tramp Meksikanı qeyri-qanuni miqrant axınını dərhal dayandırmadığı təqdirdə ölkəyə tətbiq edilən gömrük rüsumlarının məbləğini ikiqat artırmaqla hədələyib. O, “Truth Social”da paylaşımında Meksika ərazisi vasitəsilə ABŞ istiqamətində “nəhəng karvanların” hərəkət etdiyini iddia edib və “növbəti işğalın” səbəbinin respublikaçıların aralıq seçkilərdə məğlubiyyəti olduğunu bildirib.
Aysel Mətləb