"Nvidia"nın baş direktoru Jensen Huang vəzifəsindən istefa verib
Süni intellekt çiplərinin istehsalında dünyanın aparıcı şirkətlərindən biri olan Nvidia-nın baş direktoru Jensen Huang vəzifəsindən istefa verib.
TodayPress TV xəbər verir ki, “Wall Street Journal”ın məlumatına görə, Huangın istefasından sonra şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin olunub.
Huangın istefası son günlər onun ətrafında yaranan qalmaqallı iddialardan sonra baş verib. ABŞ hakimiyyətinin Pekin üçün casusluqda şübhəli bildiyi çinli iş qadını ilə onun münasibətdə olduğu barədə məlumatlar yayılıb. Bundan başqa, Huangın ona birbaşa tabe olan yüksək vəzifəli şirkət əməkdaşı ilə də nikahdankənar münasibət yaşadığı iddia edilib.
Məlumata əsasən, Nvidia-nın direktorlar şurası çərşənbə günü Huangın vəzifədən kənarlaşdırılması məsələsini müzakirə etmək üçün iclas keçirib.
Huangın gedişi bazar dəyəri 4 trilyon dollar olan şirkətin gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb. O, Nvidia-nın süni intellekt sənayesində aparıcı mövqeyə yüksəlməsində mühüm rol oynayıb, şirkətin artan maliyyə resurslarını bulud texnologiyaları, təchizatçılar və süni intellekt laboratoriyalarına yönəldib.
İstefanın ABŞ-ın çip ixracı siyasətinə də təsir göstərə biləcəyi bildirilir. Huang indiyədək Çin bazarına çıxışın qorunmasını müdafiə edib və ABŞ Prezidenti Donald Trampla yaxın münasibətləri ilə diqqət çəkib.
Qeyd edək ki, Huang Nvidia şirkətinə 33 il rəhbərlik edib.