İqlim dəyişikliyinə uyğunlaşma üçün beş ölkəyə maliyyə ayrılacaq

İqlim dəyişikliyinə uyğunlaşma üçün beş ölkəyə maliyyə ayrılacaq
12.11.2026 17:30 Dünya

İqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalan ölkələrə dəstək məqsədilə yaradılan ARISE proqramı çərçivəsində maliyyə alacaq ilk beş ölkə və regional layihə müəyyənləşib.

TodayPress TV xəbər verir ki, İqlim İnvestisiya Fondlarının (CIF) həyata keçirdiyi proqramın ilkin mərhələsinin nəticələri COP31 çərçivəsində açıqlanıb.

Konfransın Mavi Zonasında keçirilən tədbirdə iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə, ölkələrin bu təsirlərə hazır olması, uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsi, eləcə də dövlət və özəl sektorun imkanlarından istifadə məsələləri müzakirə olunub.

CIF-in İcraçı direktoru Tariye Qbadegesin çıxışında bildirib ki, iqlim dəyişikliyi dünyanın müxtəlif bölgələrində insanların həyatına, dolanışığına və iqtisadi gələcəyinə təsir göstərir. Onun sözlərinə görə, bu fəsadların azaldılması üçün investisiyaların artırılması vacibdir.

Nigeriyanın Niger Deltası bölgəsində baş verən daşqınlardan danışan Qbadegesin güclü yağışlar və daşqınlar nəticəsində yaşayış məntəqələrinin zərər gördüyünü, bəzi sakinlərin kilsələrə kanoe ilə getməyə məcbur qaldığını bildirib.

O qeyd edib ki, dayanıqlılıq yalnız insanların çətinliklərə dözməsi deyil, həm də onların bu çətinliklərin öhdəsindən gəlmək imkanlarının gücləndirilməsidir. Bunun üçün maliyyə dəstəyinin əhəmiyyətini vurğulayan Qbadegesin ARISE proqramının iqlim risklərinin dövlət büdcələrində və inkişaf planlarında nəzərə alınmasını, ölkələrin öz ehtiyaclarına uyğun layihələr seçməsini və özəl sektorun da bu prosesə cəlb olunmasını hədəflədiyini deyib.

Bildirilib ki, proqram çərçivəsində ayrılacaq vəsaitin 40 faizi özəl sektorun layihələrinə yönəldiləcək. İnvestisiyalar altı beynəlxalq inkişaf bankının birgə iştirakı ilə həyata keçiriləcək.

İlk mərhələdə beş ölkə və bir regional layihə dəstəklənəcək

Qbadegesin proqrama 70 ölkənin müraciət etdiyini bildirib. Onun sözlərinə görə, ən yüksək qiymət alan 25 müraciət üzrə təqdim olunan və təcili maliyyələşdirilməyə hazır layihələrin ümumi dəyəri 700 milyon dollardır.

Almaniya, İrlandiya və İspaniyanın maliyyə dəstəyi ilə proqramın ilk mərhələsində Banqladeş, Haiti, Qırğızıstan, Mərakeş və Syerra-Leone, eləcə də Mozambik və Malavini əhatə edən regional layihə maliyyələşdiriləcək.

Məlumata görə, seçilmiş ölkələrin hər birinə 30 milyon dollar, regional layihəyə isə 40 milyon dollar ayrılması nəzərdə tutulur.

Banqladeşdə sahilboyu infrastrukturun möhkəmləndirilməsi və kənd təsərrüfatında iqlim dəyişikliklərinə uyğun üsulların tətbiqi planlaşdırılır. Haitidə sahil ərazilərinin qorunması və manqrov meşələrinin bərpası, Qırğızıstanda isə su ehtiyatlarının idarə olunması və kənd təsərrüfatının iqlim dəyişikliklərinə davamlılığının artırılması nəzərdə tutulur.

Mərakeşdə su ehtiyatlarının qorunması, bərpaolunan enerji ilə işləyən dəniz suyunun duzsuzlaşdırılması qurğularının yaradılması və çirkab suların təkrar istifadəsi istiqamətində layihələr həyata keçiriləcək. Syerra-Leonedə isə sahil ərazilərinin mühafizəsi və manqrov meşələrinin bərpasına vəsait ayrılacaq.

Mozambik və Malavini əhatə edən regional layihə vasitəsilə iqtisadi baxımdan əhəmiyyətli ərazilərin daşqın, quraqlıq və qasırğa kimi təbii fəlakətlərdən qorunması, həmçinin özəl sektorun investisiyalarının artırılması hədəflənir.

İqlim risklərinə qarşı maliyyə mexanizmlərinin yenilənməsi vacib sayılır

İqlim Dəyişikliyinə Həssas Ölkələr Forumunun (CVF-V20) Baş katibi vəzifəsini icra edəcək Karlos Alvarado Kesada çıxışında iqlim risklərinin artıq gələcəkdə baş verə biləcək ehtimal deyil, bu gün yaşanan reallıq olduğunu bildirib.

O qeyd edib ki, buzlaqlardan gələn su ehtiyatlarından asılı olan 1,2 milyard insanın dolanışığı iqlim dəyişikliyi səbəbindən təhlükə altındadır. Dəniz səviyyəsinin yüksəlməsi və kənd təsərrüfatı istehsalında yaranan çətinliklər də insanların həyatına mənfi təsir göstərir.

Kesada iqlim dəyişikliyinin insanların yaşayış yerlərini tərk etməsinə də səbəb olduğunu bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatında gələcək görməyən gənclər doğma torpaqlarından köçməyə başlayırlar.

Mövcud maliyyə mexanizmlərinin dəyişən iqlim şəraitinin yaratdığı ehtiyacları qarşılamaqda yetərli olmadığını vurğulayan Kesada iqlim dəyişikliklərinə uyğunlaşma və fəsadlara qarşı dayanıqlılığın artırılması üçün layihələrin daha sürətlə və geniş miqyasda həyata keçirilməsinə çağırıb.

O bildirib ki, iqlim dəyişikliyinə uyğunlaşma üçün milyardlarla dollar vəsait tələb olunsa da, hazırda təklif olunan həll yollarına ayrılan maliyyə milyonlarla dollar səviyyəsindədir. Kesada bu fərqin aradan qaldırılmasının və ölkələrin ehtiyaclarına uyğun maliyyələşmə mexanizmlərinin yaradılmasının vacibliyini vurğulayıb.

Tədbir proqrama seçilən ölkələrin nümayəndələri və CIF-in İcraçı direktoru Tariye Qbadegesinin iştirakı ilə keçirilən müzakirələrlə davam edib. Sonda Avropa Yenidənqurma və İnkişaf Bankının siyasət və tərəfdaşlıqlar üzrə vitse-prezidenti Mark Bouman yekun çıxış edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər