ABŞ COP31-də iştirak etmir: Vaşinqtonun geri çəkilməsi digər ölkələrə necə təsir göstərir?

ABŞ COP31-də iştirak etmir: Vaşinqtonun geri çəkilməsi digər ölkələrə necə təsir göstərir?
12.11.2026 17:15 Dünya

COP31 çərçivəsində Antalyada keçirilən Liderlər Sammitində 197 ölkənin təmsil olunması gözlənilir. Lakin dünyanın ən böyük iqtisadiyyatlarından biri və tarixən istixana qazı emissiyalarına ən çox töhfə verən ölkə olan ABŞ bu il də sammitdə rəsmi nümayəndə heyəti ilə iştirak etmir.

TodayPress TV xəbər verir ki, ABŞ artıq ikinci ildir, ardıcıl olaraq qlobal iqlim danışıqlarında iştirakdan imtina edir.

ABŞ Prezidenti Donald Tramp qlobal istiləşməni “dünyanın indiyədək üzləşdiyi ən böyük fırıldaq” adlandırıb, ölkəsini 2015-ci il Paris İqlim Sazişindən çıxarıb və bu il COP31-ə rəsmi nümayəndə heyətinin göndərilməsinə son qoyub.

Nəticədə ABŞ istixana qazı emissiyalarının azaldılması istiqamətində beynəlxalq səylərdə iştirak etmir. Vaşinqton, həmçinin qlobal istiləşmə ilə bağlı elmi tədqiqatlara dəstəyini azaldıb və iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparan həssas ölkələrə ayrılan maliyyə vəsaitini dayandırıb.

Bu vəziyyət digər ölkələrin ABŞ-nin boşaltdığı mövqeni doldurmaq üçün daha fəal addımlar atması məsələsini gündəmə gətirib.

Danışıqlarda bir qrup Afrika ölkəsinə rəhbərlik edən qanalı nümayəndə Yau Bediako Osafonun sözlərinə görə, əvvəllər ABŞ-nin mövqeyi beynəlxalq iqlim müzakirələrində xüsusi əhəmiyyət daşıyırdı:

“ABŞ-yə söz veriləndə və mikrofon açıldıqda hamımız diqqətlə dinləyirdik. İndi isə dünyanın ən böyük gücü geri çəkilir və bu prosesdə iştirak etməyəcəyini bildirir”.

ABŞ-də aralıq seçkilər iqlim siyasətində yeni imkanlar yarada bilər

ABŞ-də ötən həftə keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının uğur qazanması ölkənin siyasi mənzərəsində dəyişiklik yaradıb. Demokratların nəzarətində olacaq yeni Konqresin Tramp prezident olduğu müddətdə iqlim siyasətinə təsir imkanlarının məhdud qalacağı bildirilir. Bununla belə, demokratlar administrasiyanın qalıq yanacaq sənayesinə dəstəyini və təmiz enerji sektoruna qarşı addımlarını məhdudlaşdırmağa çalışacaqlarını bəyan ediblər.

Dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üzləşən Marşall Adalarının baş iqlim danışıqları üzrə nümayəndəsi Tina Stege ABŞ-dən son dövrlərdə bəzi müsbət mesajların gəldiyini bildirib.

Bəzi ölkələr 2028-ci il prezident seçkilərində demokrat namizədin qalib gələcəyi təqdirdə ABŞ-ın BMT-nin iqlim danışıqlarına yenidən qoşulması ehtimalını da nəzərdən keçirirlər.

Co Bayden administrasiyası dövründə ABŞ-nin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi olmuş Con Kerri bildirib ki, son seçkilərin nəticələri ilə bağlı tendensiya davam edərsə, iqlim məsələlərinə ciddi yanaşan namizədin prezident seçilməsi mümkün ola bilər.

Kerri digər ölkələrin ABŞ-nin beynəlxalq iqlim prosesinə qayıtmasını müsbət qarşılayacağını düşündüyünü deyib. O, bunun üçün Vaşinqtonun əməkdaşlığa açıq olması və təkəbbürlü mövqe nümayiş etdirməməsinin vacibliyini vurğulayıb.

Ağ Evin sözçüsü Teylor Rocers isə açıqlamasında ABŞ-nin “iqlim cəfəngiyyatına deyil, sağlam düşüncəyə” üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, Tramp administrasiyası enerji bolluğunu bərpa etmək, əlçatan, etibarlı və təhlükəsiz enerji mənbələrindən istifadəyə şərait yaratmaq üçün dünyanın müxtəlif ölkələrindəki müttəfiqləri ilə əməkdaşlığı davam etdirəcək.

Çin də ABŞ-nin boşaltdığı mövqeni tutmayıb

Hazırda dünyada istixana qazı emissiyalarının ən böyük mənbəyi olan Çin bərpaolunan enerji texnologiyalarının istehsalı və ixracında aparıcı mövqeyə malikdir. Bununla belə, Pekin ABŞ-nin beynəlxalq iqlim prosesindən çəkilməsi nəticəsində yaranan boşluğu doldurmaq üçün ön plana çıxmayıb.

Bəzi ölkələr, o cümlədən Böyük Britaniya və Yaponiya emissiyaların azaldılması ilə bağlı planlarını davam etdirsə də, bir sıra dövlətlər iqlim siyasətində əvvəlki hədəflərindən geri çəkilib.

Avropa İttifaqı benzinlə işləyən avtomobillərdən mərhələli imtina ilə bağlı hədəflərini yumşaldıb, emissiyaların azaldılması üzrə bəzi tədbirlərin həyata keçirilməsini ləngitməyi təklif edib və metan qazı ilə bağlı müəyyən qaydaları zəiflədib.

Yeni Zelandiya ötən il planetin istiləşməsinə güclü təsir göstərən istixana qazlarından biri olan metan emissiyalarının azaldılması üzrə hədəfini əhəmiyyətli dərəcədə aşağı salıb. Braziliya isə açıq dəniz ərazilərində neft hasilatını genişləndirmək istiqamətində addımlar atıb.

Baş nazir Mark Karninin rəhbərlik etdiyi Kanada da son bir il ərzində bəzi iddialı iqlim təşəbbüslərindən geri çəkilib. Ölkə federal səviyyədə istehlakçılara tətbiq olunan karbon vergisini ləğv edib, neft və qaz sektorunun istixana qazı emissiyalarına yuxarı hədd qoyulması planından imtina edib.

Palau dövlətinin BMT-dəki səfiri İlana Seyd beynəlxalq iqlim prosesində aydın liderlik nümayiş etdirən ölkənin olmadığını bildirib:

“Hazırda həqiqətən önə çıxan lider görmürəm. Ölkələr vaxtilə hamımız üçün istiqamət müəyyən edən məqsəddən diqqətlərini yayındırırlar”.

Bəzi iştirakçılar ABŞ-nin qalıq yanacaqdan istifadəni artırmaq istiqamətində atdığı addımların digər böyük emissiya mənbəyi olan ölkələrə də iqlim dəyişikliyinə qarşı mübarizəni ikinci plana keçirmək imkanı verdiyini düşünürlər.

Nepalın maliyyə naziri Svarnim Vaqlenin sözlərinə görə, ABŞ güclü mövqe nümayiş etdirərək mənəvi liderlik rolunu üzərinə götürəndə bir çox ölkə onun ardınca gedir. O, Vaşinqtonun prosesdən geri çəkilməsi barədə təsəvvürün digər dövlətlərin də mövqeyinə təsir etdiyini bildirib.

ABŞ-dən çoxsaylı siyasətçi və rəsmilər COP31 tədbirlərində iştirak edir

ABŞ hökumətinin rəsmi nümayəndə heyəti sammitdə iştirak etməsə də, ölkənin bir sıra fond və qeyri-hökumət təşkilatları, eləcə də Demokratlar Partiyasının hazırkı və keçmiş siyasətçiləri COP31 çərçivəsində keçirilən tədbirlərə qatılır.

ABŞ rəsmilərinin məlumatına görə, Kaliforniya qubernatoru Qevin Nyusom və Minnesota qubernatoru Tim Uolts cümə axşamı Antalyaya gələcəklər. 2028-ci il prezident seçkilərində mümkün namizəd kimi adı hallanan Nyusomun səfəri də diqqət çəkir. ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor da sammit çərçivəsində keçiriləcək əlavə tədbirlərdə çıxış edəcək.

Bayden administrasiyası dövründə Ağ Evin iqlim məsələləri üzrə müşaviri olmuş Cina Makkarti merlər, qubernatorlar və iş dünyasının nümayəndələri də daxil olmaqla, 120 nəfərlik ABŞ nümayəndə heyətinə rəhbərlik edir. Bundan başqa, Konqresin Nümayəndələr Palatasının üzvü Şon Kastenin rəhbərlik etdiyi təxminən 19 demokrat konqresmenin də Antalyaya səfəri gözlənilir.

Makkarti bildirib ki, nümayəndə heyəti amerikalıların böyük əksəriyyətinin iqlim dəyişikliyini hələ də mühüm məsələ hesab etdiyini dünyaya göstərmək istəyir. Onun sözlərinə görə, aralıq seçkilərdən sonra bu mesajı çatdırmaq bir qədər asanlaşıb.

O, beynəlxalq ictimaiyyətin ABŞ-nin hazırkı administrasiyadan sonra yenidən iqlim sahəsində əməkdaşlığa qayıdıb-qayıtmayacağı ilə bağlı narahatlığının azalacağına ümid etdiyini bildirib.

Rod-Aylend ştatından demokrat senator Şeldon Uaythaus da COP31-də iştirak etməyi planlaşdırdığını və sammitdə təmsil olunmağın vacibliyini qeyd edib.

Onun sözlərinə görə, ABŞ beynəlxalq ictimaiyyətdə aparıcı və nüfuzlu mövqeyə malik olmaqdan mühüm üstünlüklər əldə edir. Uaythaus belə əhəmiyyətli məsələdə beynəlxalq proseslərdə iştirakdan imtina etməyin bu imkanların itirilməsi ilə nəticələndiyini bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər