Putin amerikalılarla görüşdə ərazi məsələsində geri çəkilmədi
Rusiya Prezidenti Vladimir Putin Stiv Vitkoff və Cared Kuşneri Moskvada, Kreml sarayında qəbul edib.
TodayPress TV xəbər verir ki, görüşdə Abu-Dabidə keçirilən Rusiya–Ukrayna–ABŞ üçtərəfli danışıqlarının nəticələri, humanitar məsələlər, əsir mübadiləsi və növbəti danışıqların formatı müzakirə olunub.
Cared Kuşner Avropanın sülh prosesinə daha geniş cəlb edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Avropa ölkələri arasında əməkdaşlığa maraq artıb və çoxtərəfli danışıqlar formatına keçid müharibənin başa çatdırılması istiqamətində irəliləyişə imkan yarada bilər.
Stiv Uitkoff isə Abu-Dabidəki danışıqlar zamanı Avropa nümayəndələri ilə müntəzəm məsləhətləşmələr aparıldığını qeyd edib. Onun sözlərinə görə, avropalılar danışıqlar masasında iştirak etməsələr də, müzakirələrin gedişindən məlumatlandırılıblar və prosesdə koordinasiya təmin olunub.
Putin söhbət zamanı Ukrayna ilə ərazi məsələsində Moskvanın mövqeyini bir daha təkrarlayıb. O, Kiyevin irəli sürdüyü “boz zonalar” məsələsinin gələcəkdə də mübahisələrə səbəb olacağını bildirib.
“Bizim üçün yalnız bir demarkasiya xətti var — dövlət sərhədi. Ukrayna tərəfi ‘boz zonalar’ məsələsini qaldırır. Bu isə həmişə mübahisə mənbəyi olacaq”, - deyə Rusiya Prezidenti bildirib.
Putin ərazi məsələlərinin tərəflər tərəfindən fərqli qiymətləndirildiyini də vurğulayıb. Onun sözlərinə görə, Moskva həmin ərazilərdə yaşayan insanların ənənələrini, mədəniyyətini və öz qaydalarına uyğun yaşamaq hüququnu əsas götürür.
Rusiya lideri sülh razılaşmasının uzunmüddətli olmasının vacibliyinə də toxunub:
“Sülhün möhkəmliyi, etibarlılığı və daimiliyi baxımından biz də onun əbədi olmasını istərdik”.
Görüşdə humanitar məsələlər üzrə irəliləyişin olduğu bildirilib.
Uitkoff və Kuşnerin danışıqların növbəti mərhələsində Ukrayna nümayəndələri ilə də görüşəcəyi gözlənilir.
Jalə Rövşən