Azərbaycana yeni təyyarələr gətiriləcək
Azərbaycanda pilotların təlim uçuşları üçün istifadə olunan "Cessna 172 Skyhawk" tipli hava gəmilərinin sayının artırılması planlaşdırılır.
TodayPress TV xəbər verir ki, bunu ASG Helicopter Services MMC-nin qərb texnikası üzrə texniki direktoru Vələd Vələdov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda şirkətin texniki xidmət göstərdiyi bu tipdən 5 hava gəmisi mövcuddur:
"Gələcəkdə daha 5 hava gəmisinin alınması və ümumi sayın 10-a çatdırılması nəzərdə tutulur. Bu hava gəmiləri Amerika istehsalıdır və Almaniya istehsalı olan mühərriklərlə təchiz edilib. Mühərriklərin xüsusiyyəti ondan ibarətdir ki, onlar həm dizel yanacağı, həm də aviasiya yanacağı ilə işləyə bilir. Hava gəmiləri əsasən Aviasiya Təlim Mərkəzində (ATM) pilotların təlim uçuşları üçün nəzərdə tutulub", - deyə V.Vələdov qeyd edib.
O bildirib ki, ASG Helicopter Services MMC hava gəmilərinə baza və operativ texniki xidmət göstərir. Şirkətin fəaliyyətinə hava gəmilərinin texniki xidmət proqramına əsasən yoxlama işləri, mühərriklərin çıxarılması və quraşdırılnası, hava gəmilərinin hissələrin dəyişilməsi, qanadların sökülməsi və quraşdırılması işləri daxildir.