FIFA-dan mundial iştirakçılarına böyük jest!
İdman
27.04.2026 13:35
FIFA dünya çempionatının mükafat fondunu artırmağa hazırlaşır.
TodayPress TV xəbər verir ki, qərar bəzi ölkələrin turnirdə iştirak zamanı yüksək xərclərlə üzləşəcəyi ilə bağlı narahatlıqlarından sonra verilib.
Məlumata görə, genişləndirilmiş maliyyələşdirmə planı bu həftə Vankuverdə keçiriləcək FIFA Şurasının iclasında təsdiqlənəcək.
Bir sıra milli assosiasiyalar, xüsusilə ABŞ-də keçiriləcək oyunlarla bağlı uçuş, əməliyyat xərcləri və vergilərin yüksək olmasının maliyyə itkisinə səbəb ola biləcəyini bildiriblər. Hətta komandalar turnirdə uğurlu çıxış edib son mərhələlərə yüksəlsə belə, zərər ehtimalı istisna edilmir.
FIFA 2025-ci ilin dekabrında mundial üçün rekord həcmdə - 727 milyon dollar mükafat fondu açıqlamışdı. İlkin plana əsasən, 48 iştirakçı komandanın hər biri minimum 10,5 milyon dollar, çempion isə 50 milyon dollar qazanmalı idi.
Lakin son həftələrdə milli futbol assosiasiyaları ilə aparılan məsləhətləşmələrdən sonra bu məbləğin daha da artırılacağı gözlənilir.
Bundan əlavə, FIFA-nın 211 üzv assosiasiyasına ayrılan futbolun inkişaf fondu da artırılacaq. Bu rəqəmin əvvəlcədən nəzərdə tutulan 2,7 milyard dolları keçəcəyi bildirilir.
FIFA nümayəndəsi bildirib ki, 28 aprel 2026-cı ildə Vankuverdə keçiriləcək iclas ərəfəsində dünya üzrə assosiasiyalarla danışıqlar davam edir və həm mundiala vəsiqə qazanan komandalar üçün ödənişlərin, həm də inkişaf fondunun artırılması nəzərdən keçirilir.
Namiq HUN
tag: FİFA,Mükafat,Fond,Dünya çempionatı,Todaypress.tv,
