İordaniya məhkəməsi kilsəyə hücum edən üç terrorçu barədə hökm çıxardı
İordaniya Dövlət Təhlükəsizliyi Məhkəməsi oktyabrın 23-də Əl-Kərək əyalətindəki pravoslav kilsəsində törədilən terror aktının üç icraçısını ölüm cəzasına məhkum edib.
TodayPress TV xəbər verir ki, bu barədə İordaniyanın “Petra” informasiya agentliyi məlumat yayıb.
Məhkəmə təqsirləndirilən şəxsləri “insan tələfatı ilə nəticələnən terror aktları” törətməkdə doqquz epizod üzrə təqsirli bilib. Onlar, həmçinin silah və sursatdan istifadə etməklə terror aktları törətməkdə, silahlı terror aktları törətmək məqsədilə əlbir olmaqda və terror qruplaşmasının ideyalarını təbliğ etməkdə təqsirli biliniblər.
Məhkumlardan biri, bundan əlavə, terror aktlarının maliyyələşdirilməsi üçün vəsait təmin etməkdə də təqsirli bilinib. Hökmündən apellyasiya şikayəti verilə bilər. Qanuna əsasən, qərar istənilən halda İordaniyanın Kassasiya Məhkəməsində nəzərdən keçirilməlidir.
Xatırladaq ki, oktyabrın 23-də üç terrorçu Əl-Kərək əyalətinin Həmmud rayonunda yerləşən Müqəddəs Georgi pravoslav kilsəsində atəş açıb. Səhiyyə Nazirliyinin məlumatına görə, anım mərasimi zamanı törədilən hücum nəticəsində 9 nəfər həlak olub, daha 34 nəfər yaralanıb. Hücum edənlər hadisə yerindən qaçıblar, lakin sonradan İordaniya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar.
Aysel Mətləb