4 boksçumuz Dünya kubokunda medal təmin etdi

İdman

25.04.2026 12:45

Braziliyada keçirilən boks üzrə Dünya kuboku turniri davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycanın Fos-du-İquasu turnirinin 1/4 final mərhələsində rinqə çıxan 4 idmançısının hamısı yarımfinala vəsiqə əldə edib.

Sübhan Mamedov (50 kq) Ermənistan boksçusu Rudolf Qarboyan üzərində qələbə qazanıb. Mamedov finala aparan yolda qırğız Anvarjan Xodjiyevlə üz-üzə gələcək.

Nəbi İsgəndərov (70 kq) 1/4 finalda qazaxıstanlı Farux Toxtassunovu mübarizədən kənarlaşdırıb. İsgəndərov yarımfinalda Braziliya boksçusu Kaian Reisi sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) turnirdə Qazaxıstanı təmsil edən Sanjar-Ali Beqaliyevə qalib gəlib. Boksçumuz finala gedən yolda italiyalı Qabriel Quidi Rontani ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) 1/4 finalda hər 3 raundu aktivinə yazaraq xorvat Luka Pratljaçiçi rinqə çıxmaqda peşman edib. O, yarımfinalda Norveç boksçusu Omar Şina ilə döyüşəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinə yüksələn 4 boksçumuzun hər biri özü üçün Dünya kubokunun bürünc medalını təmin edib.

Namiq HUN

TodayPress TV

tag: Braziliya,Boks,Dünya kuboku,Turnir,Todaypress.tv,