Müəllimlərin geyim qaydaları dəyişir - Bu dəyişiklik şagirdlərə necə təsir edəcək?

Müəllimlərin geyim qaydaları dəyişir - Bu dəyişiklik şagirdlərə necə təsir edəcək?
09.10.2026 12:15 Elm və Təhsil

Nazirlər Kabineti tərəfindən təhsilverənlərin vahid geyim forması ilə bağlı tələblər rəsmən təsdiqlənib. Qərara əsasən, həm kişi, həm də qadın müəllimlər üçün ayrı-ayrılıqda bir neçə variantda geyim nümunələri müəyyənləşdirilib.

Təhsil eksperti Elmin Nuri məsələnin detallarını TodayPress TV-yə açıqlayıb.

O, əvvəlcə yeni qaydaların tətbiqi ilə bağlı yaranan narahatlıqlara aydınlıq gətirərək bildirib ki, təqdim olunan nümunələr kifayət qədər çevikdir:

"Əvvəlcədən öz fikrimi bildirim ki, təqdim olunan variantlar müəllimlər üçün əlavə hər hansı problem, məhdudiyyət kimi çatışmazlıqlar yaratmayacaq. Çünki tələblər bir yox, bir neçə istiqamətlidir. Hazırda orta ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin böyük əksəriyyəti də onsuz da həmin nümunələrə yaxın tərzlərə üstünlük verirdi".

Ekspertin sözlərinə görə, vahid geyim forması ictimai nəzarət mexanizmi deyil, birbaşa tədrisin və tərbiyənin tərkib hissəsidir:

"Burada toxunulması vacib olan əsas məsələ isə budur – Müəllimlərin vahid geyim formasından sırf tədris prinsipləri baxımından nə kimi ehtiyac var idi? Cavab isə birmənalı olaraq bu cür olmalı – "bəli, müəllimin vahid geyim forması, ictimai nəzarət mexanizminin yox, məhz tədris prosesinin ayrılmaz hissəsidir". Müəllim istənilən şagird üçün ailəsindən sonra dəyər kateqoriyasının növbəti ümumiləşdirilmiş obrazıdır. Peşəkarlığı və fərdi göstəricilərindən asılı olaraq bu kateqoriyanın dərəcəsi şagirdlərdə sonradan müxtəlif istiqamətə doğru dəyişə bilər".

Elmin Nuri şagirdin psixologiyasında müəllim obrazının böyük rol oynadığını vurğulayıb:

"Şagird üçün müəllimin hər bir hərəkəti, sözü, bədən dili, müraciəti, bir sözlə hər şey həm də mesajdır. Eyni zamanda, geyim tərzi də şagirdin müəllimə olan ümumi yanaşma standartları ilə üst-üstə düşərsə, bu zaman təhsilverənin şagird zehnindəki mövqeyi daha da möhkəmlənmiş olar".

Təhsil eksperti qeyd edib ki, vahid geyim məktəbdə nizam-intizamın qorunmasına və şagirdlərdə şüuraltı hörmət mexanizminin işə düşməsinə xidmət edir:

"Bəzi hallarda vahid geyim forması məktəb mühitində nizam-intizamın və psixoloji rahatlığın formalaşmasına kömək edə bilər. Şagird məhz həmin geyim formasının ciddiyəti ilə müəllim peşəsinin sanballı, ciddiyəti arasında paralellik yaradır və bu onda şüuraltı təsdiq, razılıq mexanizmini işə salır. Əmin olun ki, bu kimi detallar gəlişigözəl sözlər deyil, birbaşa neyropsixoloji məsələlərdir", - deyə o qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
09 OKTYABR 2026
Bütün Xəbərlər