Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - AÇIQLAMA

Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - AÇIQLAMA
15.09.2026 12:38 Elm və Təhsil

"4 ildə keyfiyyət yarada bilməyən ali təhsil sistemi, 3 ildə keyfiyyət yarada bilməz. Buna islahat demək olmaz".

Bunu TodayPress TV-yə açıqlamasında təhsil eksperti İlham Əhmədov deyib.

O vurğulayıb ki, üçillik bakalavr modelinin başqa ölkələrdə tətbiq edilməsi onun birbaşa Azərbaycanda da işləyəcəyi anlamına gəlmir. Təhsil siyasətində ən təhlükəli yanaşmalardan biri selektiv beynəlxalq müqayisələr aparmaqdır:

“Son illərdə Azərbaycanda ali təhsilin bakalavr pilləsinin dörd ildən üç ilə endirilməsi ideyası tez-tez müzakirə edilir. Bu ərəfədə Milli Məclisdə də bu fikir səsləndi. Təklif ilk baxışda cəlbedici görünə bilər. Bəzi ölkələrdə üçillik bakalavr proqramları mövcuddur. Deməli, belə bir model mümkündür. Amma əsas məsələ odur ki, bu model hansı mühitdə səmərəli ola bilər? Başqa ölkələrdə işləyən model Azərbaycanda da işləyə bilərmi?” – deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, təhsil islahatında əsas məsələ hansı ölkədə bakalavrın neçə il davam etməsi deyil.

“Əvvəl öyrənməliyik ki, həmin ölkələr üç ildə hansı səriştələri, hansı akademik mühitdə, hansı müəllim heyəti, hansı məktəb hazırlığı və hansı keyfiyyət təminatı mexanizmləri ilə formalaşdırırlar. Təhsil müddəti hələ keyfiyyət demək deyil. Həm üçillik, həm də dördillik bakalavr modeli keyfiyyətli ola bilər. Burada əsas göstərici təqvim ili deyil, akademik yük və məzunun əldə etdiyi öyrənmə nəticələridir. Bakalavrın üç və ya dörd il olması öz-özlüyündə keyfiyyət göstəricisi deyil. Üçillik bakalavr təhsili mümkündür, dördillik bakalavr da mümkündür. Hətta bəzi ixtisaslarda daha uzun hazırlıq müddəti tələb oluna bilər. Mühüm olan təqvim ili deyil, akademik yük və öyrənmə nəticələridir".

İlham Əhmədovun fikrincə, ali təhsildə nəticəyə təsir edən amillər bir-biri ilə sıx bağlıdır.

"Burada zəncirvari bir prosesə baxmaq lazımdır: təhsil müddəti, akademik yük, tədris keyfiyyəti, tələbənin giriş səviyyəsi, müəllim səriştəsi, kurikulum, praktika, qiymətləndirmə və nəhayət, məzunun nəticələri. Əgər bu zəncirin əsas elementləri zəifdirsə, dörd ili üç ilə endirməklə keyfiyyət yaranmayacaq. Əksinə, mövcud çatışmazlıqlar daha sıxılmış formada tələbənin üzərinə yüklənəcək".

O hesab edir ki, Azərbaycan ali təhsilində əsas problem bakalavr proqramlarının dörd il davam etməsi yox, həmin dörd ilin sonunda tələbənin hansı real səriştələrə sahib olmasıdır.

"Təhsil siyasətində ən təhlükəli yanaşmalardan biri selektiv beynəlxalq müqayisədir. Hansısa ölkənin yalnız bir parametrini götürüb deyirik ki, onlarda bakalavr təhsili üç ildir, qoy bizdə də belə olsun. Amma həmin ölkənin digər parametrlərini nəzərə almırıq".

Ekspert əlavə edib ki, xarici təcrübədən faydalanmaq lazımdır, lakin həmin modellər Azərbaycan reallığına uyğunlaşdırılmalıdır.

"Bizim problemimiz dünyada hansı universitetlərin üç il, hansının dörd il təhsil verməsi deyil. Problemimiz Azərbaycan universitetinin hansı səviyyəli məzun hazırlamasıdır. Üçillik bakalavr modelinə keçid məsələsində ən ciddi problemlərdən biri universitetə daxil olan tələbələrin hazırlıq səviyyəsidir. Azərbaycan ali təhsilinin ən ciddi problemlərindən biri universitetə daxil olan tələbənin hazırlıq səviyyəsidir. Əgər tələbə ali məktəbə fundamental riyaziyyat, akademik yazı, oxuyub-anlama, xarici dil, informasiya savadlılığı və müstəqil öyrənmə bacarıqları zəif olaraq gəlirsə, universitetin ilk illərinin əhəmiyyətli hissəsi həmin boşluqların kompensasiyasına sərf olunur".

Mütəxəssis sonda vurğulayıb ki, ali təhsil sistemində əsas hədəf təhsil müddətinin qısaldılması yox, keyfiyyətin yüksəldilməsi olmalıdır:

"Əks halda biz yenə sistemin nəticələrini dəyişmək əvəzinə onun formal parametrlərini dəyişmiş olacağıq. Azərbaycan ali təhsilinə daha az vaxt yox, daha çox keyfiyyət, daha güclü universitet, daha yaxşı müəllim, daha ciddi tədqiqat və daha peşəkar idarəetmə lazımdır. Dörd ildə keyfiyyət yarada bilməyən ali təhsil sistemi üç ildə keyfiyyət yarada bilməz", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı keçirdiyi mətbuat konfransında üç illik təhsil məsələsinin bəzi ixtisaslarda mümkün olduğunu vurğulayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - AÇIQLAMA — 1
XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər