150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad

150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad
04.08.2026 13:30 Elm və Təhsil

2026-cı ildən etibarən ali təhsil müəssisələrinə qəbul qaydalarında edilən dəyişikliklərə əsasən, 150 balla müsabiqədə iştirak etmək mümkün olan ixtisasların siyahısı genişləndirilib. Yeniliyə əsasən, ödənişli əsaslarla qəbul aparılan bir sıra ixtisaslar, eləcə də bəzi istiqamətlər üzrə dövlət sifarişi ilə ayrılan yerlər də bu kateqoriyaya daxil edilib. Lakin siyahıya əlavə olunan bəzi ixtisaslar təhsil ictimaiyyətində müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Ramin Nurəliyev hesab edir ki, 150 ballıq ixtisasların sayının artırılması ümumilikdə müsbət addımdır, lakin siyahıya daxil edilən bəzi ixtisasların seçimi məntiqi baxımdan suallar doğurur.


Onun sözlərinə görə, bu təşəbbüsün bir sıra müsbət tərəfləri var:

"Mən bu təşəbbüsü, əlbəttə ki, dəstəkləyirəm. 150 ballıq ixtisasların sayı artmalıdır. Artmasının ölkə üçün bir çox müsbət təsiri var. İlk növbədə, blok imtahanında 100 bal tələbi qoyulan müsabiqə şərtini ödəyə bilməyən daha çox abituriyent ali məktəblərə qəbul olmaq imkanı qazanacaq. Digər tərəfdən, gənclərin xarici ölkələrə üz tutmasına ehtiyac azalacaq və onlar öz universitetlərimizdə təhsil ala biləcəklər. Nəticədə daha çox ailənin sevinməsinə səbəb olacaq".

Ekspert bildirib ki, ideyanın özü düzgün olsa da, tətbiq mexanizmi peşəkar yanaşmadan uzaq görünür:

"Amma ixtisaslara baxdıqda heç də bu düşüncənin illərlə qəbul prosesini həyata keçirən bir qurumun rəhbər heyəti və mütəxəssisləri tərəfindən peşəkar şəkildə düşünülmədiyi açıq görünür. Qəbul prosesini illərlə analiz edən DİM mütəxəssisləri hansı məqsədlə bəzi ixtisasları 150 ballıq ixtisaslar sırasına daxil ediblər? Yüksək rəqabətli ixtisasların bu siyahıya salınması məqsədəuyğun deyil. Məsələn, I ixtisas qrupunda kompüter mühəndisliyi, informasiya texnologiyaları mühəndisliyi, qida mühəndisliyi, elektrik-elektronika mühəndisliyi, II qrupda isə maliyyə, iqtisadiyyat, beynəlxalq ticarət və logistika kimi ixtisasların bu qrupa əlavə edilməsi insanda sadəcə təəccüb doğurur. Çünki bu ixtisaslarda onsuz da rəqabət yüksəkdir. Həmin proqramların əksəriyyətinə 150 ballıq kateqoriyaya aid olan abituriyentlərin qəbul olunması ya mümkün olmayacaq, ya da çox məhdud sayda baş verəcək".

Ramin Nurəliyevin fikrincə, dəyişiklik daha çox hər il plan yerləri boş qalan ixtisasları əhatə etməli idi. Onun sözlərinə görə, bunların əvəzinə, blok imtahanında 100 bal müsabiqə şərtini ödəyə bilməyən abituriyentlər üçün hər qəbul ilində plan yeri dolmayan ixtisasların 150 ballıq siyahıya əlavə olunması daha doğru olardı:

"Belə olan halda həm boş qalan plan yerləri dolardı, həm də həmin abituriyentlər real qəbul şansı əldə edərdilər. Əgər bu məsələ nəzərə alınmayıbsa, heç olmasa 100 bal həddini keçə bilməyən abituriyentlər üçün rayonlarda yerləşən ali təhsil müəssisələrinin bütün ixtisaslarına seçim hüququ verilsin. Bu zaman region universitetlərinə tələbə axını artar, bölgələrdə canlanma yaranar və dövlət sifarişi ilə ayrılmış plan yerləri boş qalmaz".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında 2026-cı ildən etibarən 150 balla müsabiqədə iştirak etmək mümkün olan ixtisasların siyahısının genişləndirildiyini və həmin siyahıya bir sıra yeni ixtisasların əlavə olunduğunu bildirib.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

150 ballıq qəbul qaydalarında dəyişiklik: Ekspertdən DİM-ə irad — 1
XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər