Yaponiyada enerji böhranı xəstəxanaları riskə atır

Dünya

17.04.2026 19:00

Yaponiyada xəstəxanalar artan enerji xərcləri səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşir.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Bu vəziyyət Yaxın Şərqdəki münaqişə ilə bağlı enerji böhranı fonunda yaranıb.

Yaponiya Səhiyyə İdarəetmə Tədqiqatları İnstitutunun rəhbəri Masahiro Kamiyə istinadən bildirilir ki, ölkənin enerji idxalından yüksək asılılığı xəstəxanaları xüsusilə həssas vəziyyətə salıb. İnflyasiya və milli valyutanın zəifləməsi də xərcləri daha da artırır.

Məlumata görə, enerji və tibbi avadanlıqların istehsalı üçün lazım olan resursların bahalaşması bir çox xəstəxananın fəaliyyətini davam etdirməsini çətinləşdirə bilər. Nəşr qeyd edir ki, bu vəziyyət “bir çox xəstəxananın birdəfəlik bağlanmasına” səbəb ola bilər.

Rəsmilər artıq vəziyyətə reaksiya verib. Yaponiyanın baş naziri Sanae Takaiçi əsas malların, o cümlədən tibbi məhsulların sabit tədarükünün təmin edilməsi üçün göstəriş verib.

Böhran Yaxın Şərqdə gərginlik fonunda daha da dərinləşib. Məlumatlara görə, enerji nəqli üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazında yaranan problemlər qlobal neft axınına ciddi təsir göstərib və Yaponiya kimi idxaldan asılı ölkələrdə riskləri artırıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Yaponiya,Xəstəxana,Enerji,Böhran,Todaypress.tv,