Prezident Əliyevin Avropa siyasətçilərinə “rüşvətxor” deməsi gündəm oldu – sosial mediada BUM
Sentyabrın 15-də Bakıda beynəlxalq konfransın iştirakçıları ilə görüşündə Prezident İlham Əliyev Avropa Parlamentini açıq şəkildə tənqid edərək “rüşvətxorlar yuvası” adlandırdı.
Dövlət başçısı bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibi və bir qrup dini liderlərlə görüşündə səsləndirdi. O, xüsusilə qurumun vitse-prezidentinin evindən çamadanlarla çıxarılan pulları xatırladaraq, işin ört-basdır edildiyini və heç bir real məsuliyyətin tətbiq olunmadığını bildirdi.
O, bəyanatında Qatargate skandalına birbaşa istinad etdi.
Söhbət 2022-ci ilin dekabrında Belçika polisinin Avropa Parlamentinin o zamankı vitse-prezidenti, yunan deputat Eva Kailinin evində və digər ünvanlarda reyd keçirməsindən gedir. Reydlər nəticəsində təxminən 1,5 milyon avro nağd pul aşkarlanmış, vəsaitin bir hissəsi çamadan və çantalarda tapılmışdı.
Kaili vitse-prezident postundan azad edilmiş və partiyasından uzaqlaşdırılmışdı.
Prezident illər keçməsinə baxmayaraq, işin lazımi şəkildə yekunlaşdırılmadığını və həmin şəxsin azad buraxıldığını vurğuladı.
Dövlət başçısı eyni çıxışında Avropa qurumlarının Qarabağ məsələsindəki “mövqeyini” də xatırlatdı.
O, 30 illik işğal dövründə Ermənistana qarşı heç bir sanksiyanın tətbiq edilmədiyini, lakin Azərbaycanın 2023-cü ildə ərazi bütövlüyünü bərpa etməsindən sonra ölkəmizə qarşı addımlar atıldığını bildirdi. Dövlət başçısının sözlərinə görə, bu, ikili standartların bariz nümunəsidir.
Bəyanat, həmçinin xarici sosial media platformalarında da sürətlə yayıldı. X (Twitter) platformasında Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən olan istifadəçilər Əliyevin sözlərini paylaşaraq dəstək ifadə etdilər.
Rusiya mənşəli bir sıra hesablar bəyanatdan sitatlar paylaşaraq “çamadanlarla milyonlarla dollar” ifadəsinə diqqət çəkdi və Qatargate işi üzrə cəzasızlıq olduğunu vurğuladı.
Müxtəlif sosial media hesablarında bəyanat “cəsarətli çıxış” adlandırıldı.
Gürcüstan mediası və sosial media istifadəçiləri də Əliyevin Qarabağla bağlı arqumentlərini önə çıxararaq xəbəri televiziya və onlayn platformalarda geniş işıqlandırdı.
Bəzi Qərb istifadəçiləri də bəyanata reaksiya verərək Avropa Parlamentində hesabatlılıq problemlərinə toxundular. Onlar Qatargate skandalının real nəticələrinin olmamasını və güclü qurumların da eyni standartlara tabe olmasının vacibliyini qeyd etdilər.
Paylaşımlarda “korrupsiya iddiaları harada baş verməsindən asılı olmayaraq araşdırılmalıdır” mövqeyi təkrarlandı.
Jalə Rövşən