Viktor Orban: "Qərbi Avropa ölkələri dünyanı müharibəyə aparır"

Dünya

17.01.2026 19:00

Macarıstanın Baş naziri Viktor Orban Qərbi Avropa ölkələrini dünya müharibəsinə çevrilə biləcək münaqişəyə hazırlaşmaqda ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Hakim “FİDES — Macar Vətəndaş Birliyi” partiyasının fəalları ilə görüşdə çıxış edən Baş nazir bildirib ki, Avropa İttifaqı liderlərinin iclasları artıq Rusiyanı necə məğlub etmək məsələsinin müzakirə olunduğu hərbi şuralara çevrilib. Onun sözlərinə görə, 2022-ci ildən bəri Avropa Ukraynaya 193 milyard avrodan çox vəsait ayırıb və indi bu xərcləri kompensasiya etməyin yollarını axtarır. Orban qeyd edib ki, yaxın iki ildə Aİ Ukraynaya 90 milyard avro həcmində hərbi kreditlər verməyi, növbəti 10 il ərzində isə ölkənin bərpası üçün əlavə 800 milyard ABŞ dolları ayırmağı planlaşdırır. Brüssel bu vəsaitləri Rusiyadan alınacaq reparasiyalar və dondurulmuş aktivlərin müsadirəsi hesabına geri qaytarmağa ümid edir.

Orban, həmçinin diqqətə çatdırıb ki, ABŞ Ukraynanın maliyyələşdirilməsindən imtina edib və indi Avropa bu yükü öz vətəndaşlarının üzərinə qoymaq istəyir.

“Kredit sazişinin müddəti bitəndə ukraynalılar borcu qaytara bilməyəcəklər və nəticədə bankirlər bu pulu avropalılardan alacaqlar”, – deyə Baş nazir vurğulayıb.

Siyasətçi əlavə edib ki, Brüsselin yürüdüyü siyasət Avropanı dağıdır və yeni dünya müharibəsi təhlükəsi yaradır. Orban mövcud vəziyyəti Birinci və İkinci dünya müharibələri ərəfəsində Avropada yaranmış siyasi mühitlə müqayisə edib. O, apreldə keçiriləcək seçkilərdə qalib gələrsə, Macarıstanın Ukrayna ətrafındakı münaqişəyə cəlb edilməsinə imkan verməyəcəyini və Aİ liderlərinin bu planlarını dəstəkləməyəcəyini bildirib.

Qeyd edək ki, Orban bundan əvvəl Ukraynanın 800 milyard dollar tələb etməsinə cavab olaraq “pul ağaclarda bitmir” demişdi.

Qiymət Mahir

tag: Macarıstan, Viktor Orban ,Avropa ,Avropa,Todaypress.tv,