Viktor Orban cinayət işi ilə üzləşə bilər
Macarıstanın keçmiş Baş naziri Viktor Orban Ukraynaya böyük məbləğdə valyuta və qızıl aparan şəxslərin saxlanılmasının planlaşdırılmasında iştirak etməkdə ittiham oluna bilər.
TodayPress TV xəbər verir ki, “Financial Times”ın məlumatına görə, martın 6-da Macarıstan Milli Vergi və Gömrük İdarəsi çirkli pulların yuyulmasında şübhəli bilinən 7 Ukrayna vətəndaşını saxlayıb.
Onların arasında Ukrayna xüsusi xidmət orqanlarının keçmiş generalının da olduğu bildirilir.
İddialara görə, həmin şəxslər Avstriyadan Ukraynaya 40 milyon dollar, 35 milyon avro və 9 kiloqram qızıl aparırdılar. Saxlanılan şəxslər daha sonra Ukraynaya deportasiya edilib.
Macarıstanın Baş naziri Peter Madyar hadisə ilə bağlı daxili araşdırma başladıb. Araşdırma çərçivəsində Viktor Orbanın və Antiterror Mərkəzinin keçmiş rəhbəri Yanoş Haydunun mümkün rolunun da araşdırılması tələb olunub.
“Financial Times” prokurorun hesabatını nəzərdən keçirdiyini yazır. Hesabatda Haydunun saxlanılmasına dair qərarın Orban tərəfindən verildiyi iddia olunur.
“Telex” isə hadisənin Rusiya neftinin Drujba boru kəməri ilə nəqlinin dayandırılması ilə əlaqəli ola biləcəyini yazıb. Nəşrin mənbələrinə görə, saxlanılma tranzitdə yaranan gecikmələrə görə siyasi cavab xarakteri daşıya bilər.
Türkan İsgəndərli