Musiqi asılılıqdan xilas edə bilər? – ARAŞDIRMA
Alimlər musiqi terapiyasının alkoqol və narkotik asılılığından müalicə alan insanlarda maddələrə olan istəyi azalda biləcəyini müəyyənləşdiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə araşdırmanın nəticələri “Addiction Neuroscience” jurnalında dərc olunub.
Anglia Ruskin Universitetinin Kembric Musiqi Terapiyası Tədqiqatları İnstitutunun alimləri alkoqol və narkotik asılılığından müalicə alan 16 yetkin şəxsi müşahidə ediblər. İştirakçılar standart müalicə ilə yanaşı, altı həftə ərzində həftədə bir dəfə musiqi terapiyası seanslarında iştirak ediblər. Onlar məşğələlər zamanı baraban padları, gitara, klavişli alətlər və zərb alətlərindən istifadə ediblər.
Məşğələlərdən sonra iştirakçılar xüsusi şkala üzrə maddələrə olan istəyin azaldığını bildiriblər. Elektroensefaloqrafiya (EEQ) isə beyinin fəaliyyətində dəyişiklikləri qeydə alıb. Frontal nahiyələrdə beta diapazonunda aktivliyin azalması, həmçinin emosiyaların tənzimlənməsi ilə əlaqələndirilən “frontal alfa asimmetriyasında” əhəmiyyətli dəyişikliklər müşahidə olunub.
Maddəyə olan istək asılılıqların müalicəsi zamanı yenidən istifadənin əsas amillərindən biridir. Tədqiqatçılar musiqi terapiyasını əsas müalicəni əvəz edən üsul deyil, ona əlavə vasitə kimi qiymətləndirirlər.
Araşdırmada cəmi 16 nəfərin iştirak etməsi və təsirin yalnız seansdan dərhal sonra ölçülməsi nəticənin nə qədər davamlı olduğunu müəyyənləşdirməyə imkan vermir. Müəlliflər nəticələrin daha böyük qruplar üzərində yoxlanılmasını təklif edirlər.
Aysel Mətləb