Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib
03.10.2026 00:09 Gündəm

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi 30 illik işğala son qoyan tarixi Qələbə ilə başa çatdı.

44 günlük Vətən müharibəsinin hər günü qəhrəmanlıq nümunələri ilə yadda qaldı. Müharibənin gedişini xronoloji ardıcıllıqla təqdim edirik.

3 oktyabr – müharibənin 7-ci günü

“Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan Bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” Prezident, Ali Baş Komandan İlham Əliyev həmin gün bu barədə rəsmi “Twitter” səhifəsində paylaşım edib.

Prezident İlham Əliyev Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq, eləcə də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərinin işğaldan azad edildiyini açıqlayıb.

Dövlət başçısı işğaldan azad olunan Madagizin tarixi adının bərpa edildiyini və yaşayış məntəqəsinin bundan sonra Suqovuşan adlandırılacağını bəyan edib.

Müdafiə Nazirliyi müharibənin ilk yeddi günü ərzində Ermənistan tərəfinin verdiyi ümumi itkilərlə bağlı məlumat yayıb. Bildirilib ki, düşmən 230-dək tank və digər zirehli texnika, 250 artilleriya qurğusu, yaylım atəşli raket sistemi və minaatan, 38 hava hücumundan müdafiə vasitəsi, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası və bir “S-300” zenit-raket kompleksi itirib.

Baş Prokurorluğun məlumatına əsasən, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 19 mülki şəxs həyatını itirib, 63 dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Dinc əhaliyə qarşı törədilən cinayətlərlə əlaqədar Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.

Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdən video görüntülər ictimaiyyətə təqdim olunub.

Müdafiə Nazirliyi düşmənin ağır itkilər verdiyini və hərbi texnikasının sarsıdıcı zərbələrə məruz qaldığını əks etdirən yeni görüntülər yayımlayıb.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş fəallığının qarşısı alınıb.

Ermənistan ordusunun bölmələri Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndini, Tərtər rayonunda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksini, Ağcabədi rayonunun Hindarx qəsəbəsini və digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Nəticədə onlarla evə və infrastruktur obyektinə ziyan dəyib, bir sıra tikililər dağılıb.

TodayPress TV

XƏBƏR LENTİ
03 OKTYABR 2026
Bütün Xəbərlər