ABŞ-Ukrayna fondu kritik minerallar üzrə ilk sövdələşməsini bağladı
ABŞ və Ukraynanın Birgə Bərpa İnvestisiya Fondu kritik mineral sektorunda ilk investisiya sövdələşməsini bağlayıb.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) nümayəndəsi bildirib.
DFC-nin investisiya bölməsinin rəhbəri Konor Kolmanın sözlərinə görə, müqavilə çərçivəsində həyata keçiriləcək layihələrin ümumi dəyəri 70 milyon dollara çata bilər.
Məlumata əsasən, Ukraynanın "BGV Group" şirkəti ilə birgə investisiya platformasına təxminən 30 milyon dollar yatırılması planlaşdırılır.
İlkin mərhələdə platforma çərçivəsində nadir torpaq metalları, uran, berilyum və sirkonium yataqlarının işlənməsi nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ və Ukrayna 1 may 2025-ci ildə mineral ehtiyatlar üzrə saziş imzalayıb. Saziş hasilat sənayesində birgə layihələrin maliyyələşdirilməsi üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur.
Sənəd çərçivəsində Ukraynanın neft, qaz və digər təbii ehtiyatlarının işlənməsi və istismarı ilə bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır.
Türkan İsgəndərli