Britaniyada qatarları taxtabitilər “ələ keçirdi” – Reyslər ləğv edildi
Böyük Britaniyada London və Kent arasında sərnişindaşıma həyata keçirən Southeastern dəmir yolu şirkəti taxtabiti problemi ilə üzləşib.
TodayPress TV xəbər verir ki, “The Daily Telegraph”ın məlumatına görə, Hastinqs yaxınlığındakı “West Marina” deposunda saxlanılan qatarlarda taxtabitilər aşkarlanıb.
Maşinistlər iş yerlərində və şəxsi əşyalarında həşəratları gördükdən sonra bəzi qatarları idarə etməkdən imtina ediblər.
Sentyabrın 22-də baş verən hadisə nəticəsində iki reys ləğv olunub. Maşinistlərdən biri həşəratlardan qorunmaq üçün xüsusi qoruyucu kostyum tələb etsə də, belə bir vasitənin olmadığı bildirilib.
Qatarlardan birində taxtabitilər aşkarlandıqdan sonra onun sərnişin daşımağa davam etməsi isə vəziyyəti daha da qəribə edib. Qəzet həmin qatarı “taxtabiti ekspresi” adlandırıb.
Məlumata görə, dispetçerlər problemdən xəbərsiz olduqları üçün qatarı xəttə buraxıblar. Bununla belə, taxtabitilərin sərnişinlərin olduğu vaqonlarda deyil, maşinist kabinəsində aşkar edildiyi bildirilir.
Hazırda depoda zərərvericilərə qarşı mübarizə aparılır. Mütəxəssislər taxtabitilərin tamamilə məhv edilməsinin uzun və baha başa gələn proses olduğunu bildirirlər.
Türkan İsgəndərli