Yaponiya ucuz raketlərin kütləvi istehsalına başlayacaq
Yaponiya hökuməti 2030-cu maliyyə ilindən etibarən yeni və daha ucuz raketlərin kütləvi istehsalına başlamağı planlaşdırır.
TodayPress TV xəbər verir ki, “Nikkei” qəzetinin məlumatına görə, söhbət əsasən düşmən gəmilərinə qarşı istifadə olunması nəzərdə tutulan uzun mənzilli qanadlı raketlərdən gedir.
Yeni raketlərin əsas vəzifələrindən biri düşmənin raketdən müdafiə sistemlərini sıradan çıxarmaq və əsas hədəflərə zərbə endirmək imkanlarını artırmaq olacaq.
Məlumata görə, istehsal xərclərini azaltmaq üçün raketlərdə hərbi standartlı avadanlıqlarla müqayisədə daha ucuz olan mülki səviyyəli kameralar və digər komponentlərdən istifadə edilə bilər.
Yeni raketlərin Yaponiyanın "Type-25" uzaqmənzilli raketlərini və ABŞ istehsalı “Tomahawk” raketlərini tamamlaması planlaşdırılır.
Raketlərin hazırlanmasına gələn il başlanması, istehsalına 2029-cu ildə, kütləvi istehsalına isə 2030-cu ildə keçilməsi nəzərdə tutulur. Bu planın ilin sonunda qəbul ediləcək yeni milli təhlükəsizlik strategiyasına daxil ediləcəyi gözlənilir.
Bundan əlavə, Yaponiya Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün rekord həcmdə – 8,9 trilyon yen (təxminən 55,5 milyard dollar) büdcə tələb edib. Əlaqəli xərclərlə birlikdə ölkənin müdafiə xərclərinin 10,6 trilyon yeni (təxminən 66,1 milyard dollar) keçə biləcəyi bildirilir.
Türkan İsgəndərli